Tahir Gözəl: Artıq penaltilərə hazırlaşırdım

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan kubokunun finalında “Neftçi”yə qarşı keçirilmiş oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Allsport.az saytı sizi həmin cavablarla tanış edir:

– Maraqlı oyun oldu. “Neftçi” çox müdafiəyə meyilli, qapalı oyun oynadı. Amma sona qədər həyəcan var idi. Əlbəttə, iki dəfə “qızıl dubl” etmək “Qarabağ” üçün böyük şərəfdi. Avropada da uğurlarımızın davamını gətirməliyik.

– Oyunun bir qapıya gedəcəyini gözləyirdiniz?
– Çox epizodlar oldu. Mən 7 yüzfaizli qol epizodu saydım. Amma “Neftçi” tamamilə müdafiə olundu. Onlar qapalı oynadığından bizim üçün çox çətin oldu. Sanki meydanda divar qurmuşdular. Həmin epizodlardan yaxşı istifadə edə bilmədik. “Neftçi” də çox böyük, güclü komandadır. Onlara qalib gəlmək də həmişə çətindir. “Qarabağ”ı da, “Neftçi”ni də təbrik edirəm.

– Qol əlavə vaxtın son saniyələrində gəldi…
– Artıq penaltilərə hazırlaşırdım. Rəqib qapıçı Aqil Məmmədova əhsən! Həqiqətən də gözəl qurtarışları oldu. Amma biz çox möhtəşəm qol vurduq.

– Hakimliklə bağlı fikirləriniz necədi?
– Normal. Penaltiyə yaxın bir epizod vardı, amma dəqiq görə bilmədim. “Neftçi”də oyunu gecikdirməklə bağlı çox məqamlar oldu. Özlərini yerə atdılar.

– Kuboku Ağdama nə vaxt aparacağınızı dəqiqləşdirmisiniz?
– Hələ yox, amma mütləq gedəcəyik. Komandayla, baş məşqçi ilə danışıb, mütləq gedəcəyik. Arzum odur ki, gedək orada əsgərlərimizi də ruhlandıraq.

– “Qarabağ”ın yayda güclü futbolçular transfer etməsi mümkündür?
– Biz komandaya hər cür dəstək göstərməyə hazırıq. Lakin çox bacarıqlı, üst səviyyəli futbolçunu Azərbaycana dəvət etmək, onları yola gətirmək də asan proses deyil. Amma biz yenə də çalışacağıq.

Həmin kateqoriyadan