“Xəzər Lənkəran”ın məğlubiyyət seriyası qırılıb

Premyer Liqanın 36-cı turunda “Rəvan”la qarşılaşan “Xəzər Lənkəran”ın məğlubiyyət seriyası qırılıb. Allsport.az saytı xəbər verir ki, son 12 oyunda məğlub olub, klub tarixinin antirekordunu müəyyənləşdirən “ağ-yaşıllar” səfər matçında 1 xal qazanıb – 2:2.

Cənublular bunadək sonuncu xalını 23-cü turun “Qəbələ” ilə fevralın 27-də keçirilən səfər matçında qazanmışdı. 83 gündən sonra xal əldə edən “Xəzər Lənkəran” ölkə çempionatlarının 24 illik tarixində ən uzun məğlubiyyət seriyalarından birinin müəllifi olub. Bu göstəricidə antirekord “Şəfa”ya məxsusdur.

Paytaxt klubu ardıcıl 28 görüşdə uduzub. “Şəmkir” 15, MOİK-lə “Energetik” (Şirvan) 14, “Bakılı” və “Neftqaz” 13 tur xala həsrət qalıb. “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, MOİK və “Avtomobilçi”nin 12 oyundan ibarət məğlubiyyət seriyası qeydə alınıb.

Ötən il noyabrın 2-də 11 tur çərçivəsində keçirilən “Rəvan”la səfər oyunundakı 1:0 hesablı qələbədən sonra qalib gələ bilməyən “Xəzər Lənkəran”ın bu seriyası 25-ə çatıb. Bu, ölkə çempionatları tarixində 5-ci nəticədir. “Şəfa” 33, “Bakı” 32, “Energetik” (Şirvan) 28, “Göyəzən” 27 oyun qalib gəlməməklə daha uğursuz seriyalara imza atıb.

Həmin kateqoriyadan