Əmlak komitəsi Mehdi Hüseynzadə adına stadionu özəlləşdirməyə çıxarıb

Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionu özəlləşdirməyə çıxarılır. Allsport.az saytı xəbər verir ki, futbol qurğusu 2018-ci ildə satışa çıxarılacaq obyektlərin siyahısına salınıb. Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin tabeliyində olan stadionun yatırım üsulu ilə özəlləşdirilməsi nəzərdə tutulub.

8,6 hektar ərazisi olan idman qurğusu 1966-cı il iyulun 1-də istifadəyə verilib. Bir sıra beynəlxalq yarışlar, o cümlədən, 1985-ci ildə SSRİ-də təşkil olunmuş gənclər arasında dünya çempionatının “D” qrupunun Çin – Paraqvay oyunu bu stadionda keçirilib.

Arenadan “Polad”, “Vosxod”, “Xəzər”, “Kimyaçı”, “Sumqayıt”, “Gənclərbirliyi”, “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” (Lənkəran) və “Standard” komandaları ev oyunları kimi istifadə ediblər.

Stadionda son təmir işləri 2011-ci ildə aparılıb. Baxımsızlıqdan yararsız vəziyyətə düşən stadionun ot örtüyü qeyri-qənaətbəxş vəziyyətdədir, oturacaqların, paltardəyişmə və digər yardımçı otaqların təmirə ciddi ehtiyacı var.

Arenanın texniki imkanları hazırda burada oyun keçirməyə imkan vermir. İki il öncə Sumqayıtın icra başçısı Zakir Fərəcov buranın tarixi stadion olduğunu və təmir olunacağını bildirmişdi.

Həmin kateqoriyadan