Ənənə pozulmadı: yenə avtoqol braziliyalıdan gəldi

Premyer liqanın 19-cu turunun “İnter” – “Zirə” oyununda (1:1) qeydə alınan avtoqol mövsümdə 4-cü olub. Allsport.az saytının pfl.az-a istinadən xəbərinə görə, meydan sahiblərinin heyətində Denis Silva öz qapısına qol vurub. Maraqlıdır ki, cari mövsümün bütün avtoqollarına braziliyalılar imza atıb. “Neftçi”nin müdafiəçisi Jairo Rodriges “Qarabağ”la 2, “Qəbələ” ilə 1 oyunda xətaya yol verməklə ümumilikdə 3 dəfə avtoqol müəllifi olmuşdu. Əvvəlki çempionatlarda “sambaçılar”ın daha 7 avtoqola məyus olduğunu nəzərə alsaq, bu ölkədən olan legionerlər 11 dəfə öz qapısına qol vurub.

Elə Denis də əvvəlki 7 avtoqoldan birinin müəllifi olub. O, 2010-cu il dekabrın 11-də “Neftçi”nin heyətində çıxış edərkən “Bakı” ilə görüşdə öz qapısına qol vurub. 2261 gündən sonra eyni xətaya yol verən müdafiəçi 1-dən çox avtoqol edən 21-ci futbolçu olub. Onlardan 4-nün hərəyə üç, 17-nin isə hərəyə 2 belə qolu var.

Ümumilikdə isə Azərbaycan çempionatları tarixində 162 avtoqol qeydə alınıb. Paytaxt derbisindəki avtoqol “İnter” üzvlərinin 8-ci uğursuzluğu olubsa, “Zirə” 3-cü dəfə rəqib qoluna sevinib.

Həmin kateqoriyadan