Ərmən Quşçuyan beynəlxalq yarışda boksçumuzla döyüşdən qaçdı

Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turniri davam edir. Allsport.az saytı xəbər verir ki, 16 ölkənin qatıldığı yarışın 2-ci günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.

Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən 1/2 finala yüksəlib. Buna 1/4 finalda rəqibi olan ermənistanlı Ərmən Quşçuyanın (Ermənistan) görüşdən imtinası və rinqə çıxmaması səbəb olub. Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də baş tutacaq.

Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçumuz 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından boksçumuz yarışla vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.

Həmin kateqoriyadan