Əsasnamədə əlavə və dəyişikliklərlə bağlı yaradılan işçi qrupun tərkibi müəyyənləşib

Dünən AFFA-nın konfrans zalında bu qurumun yanında mövcud olan media komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıya idarə heyətinin üzvlərindən Mahir Rüstəmli, İlqar Tağıyev, Vüqar Xeyrullayev, Araz Əhmədov, Rüstəm Piriyev, təşkilatla AFFA arasında əlaqələndirici Firuz Abdulla, eləcə də qonaq qismində futbol11.az saytının təmsilçisi Elnur Məmmədli qatılıb. Müxtəlif məsələlər ətrafındakı müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Prosport.az saytının MK-ya ünvanladığı 18 iyul 2017-ci il tarixli üzvlüklə bağlı müraciətinə əsasən adı çəkilən sayt üçün 1 (bir) aylıq sınaq müddəti müəyyənləşdirilib.
2. Sportmedia.az saytının iyul-sentyabr aralığında layihə üzrə nəzərdə tutulan 1200 (min iki yüz) manatın azlığı ilə bağlı müraciəti əsassız sayılıb.

3. Futbol11.az saytının MK-nın layihələrində işi ilə bağlı problemlərin mövcudluğu bir daha Elnur Məmmədlinin nəzərinə çatdırılıb. Adı çəkilən saytın iyulun 14-də təqdim etdiyi, “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə “Azərbaycanlı futbolçuların və məşqçilərin ölkə xaricində çıxış etməməsinin səbəblərini araşdırmaq” adlanan layihənin maliyyələşdirilməsi üçün avqust-sentrabr ayları üzrə 900 (doqquz yüz) manat ayrılması nəzərdə tutulub.
4. AFFA yanında media komitəsinin idarə heyətinin üzvlərinin iyunun 29-da baş katib Elxan Məmmədovla görüşündə əldə olunan razılığa əsasən MK-nın Əsasnaməsinə əlavə və dəyişikliklər hazırlamaq üçün yaradılan işçi qrupun tərkibi müəyyənləşib: Mahir Rüstəmli, Araz Əhmədov və Günay Zamanlı.

Həmin kateqoriyadan