2 boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsi başa çatıb. Azərbaycan millisinin 2 üzvü döyüşünü qələbə ilə başa vuraraq 1/2 finala vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, boksçularımızdan Nicat Hüseynov (51 kq) şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra ən azı bürünc medalı təmin edən N.Hüseynov yarımfinalda rusiyalı Ruslan Pirovla döyüşəcək.

Millimizin digər üzvü Kamil Babayev (54 kq) də növbəti cəhdini qalib kimi başa vurub. O, belaruslu Vladislav Smalovskini 3:2 hesabı ilə məğlub edərək, həm yarımfinala vəsiqə qazanıb, həm də ən azı bürünc medalı təmin edib. K.Babayev finala gedən yolda gürcüstanlı Giorgi Sajayanı sınağa çəkəcək.
Yığmamızın heyətində Tural Sarıyev (48 kq) Nikita Poluxinə (Rusiya), Fətəli İsmayılov (86 kq) Narunas Qrebnevasa (Litva) və Rəşid Məmmədov (92 kq) Manuçar Krihelə (İsrail) uduzduğundan yarışla 1/4 finalda vidalaşıblar.

Həmin kateqoriyadan