2 boksçumuz dünya çempionatında mərhələ adlayıb

Allsport.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın 2-ci günündə Azərbaycan millisinin daha 3 idmançısı mübarizəyə qoşulub.

Mirşərif Kazımzadə (75 kq) 1/32 final çərçivəsində Edvin Ovuoru (Keniya) sınağa çəkib. Döyüş təmsilçimizin 4:1 (28:29, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. Kazımzadə 1/16 finalda ilk mərhələdən azad olan Salvatore Kavalyaro (İtaliya) ilə qarşılaşacaq. Görüş mayın 7-də olacaq.

Murad Allahverdiyev (80 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Tacikistanlı Şabbos Neqmatullayevlə (Tacikistan) üz-üzə gələn boksçumuz 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbə sayəsində 1/16 finala yüksəlib. O, 2-ci döyüşünü mayın 5-də qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirəcək.

Onlardan fərqli, Malik Həsənov (63,5 kq) dünya çempionatında çıxışını başa vurub. 1/32 finalda Bilgə Kanlı (Türkiyə) ilə döyüşən boksçumuz hakimlərin əlavə xalına əsasən məğlub olub.

107 ölkədən 538 idmançının qatıldığı mundialın 3-ci günündə Tayfur (60 kq) və Sərxan (71 kq) Əliyev qardaşları rinqə çıxacaq.

Həmin kateqoriyadan