2-ci final, 43-cü qarşılaşma

Sabah Azərbaycan kubokunda final gğrüşü keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mövsümün son qarşılaşması Naxçıvanda baş tutacaq. Premyer liqasının gümüş mükafatlarını qazanan “Qəbələ” ölkə çempionu “Qarabağ”la üz-üzə gələcək. Bu, ölkə kubokunda debütü 2005-ci ilə təsadüf edən “Qəbələ”nin 12 illik tarixində 2-ci final matçıdır. 2013/14 mövsümündə də finaladək irəliləyən “qırmızı-qaralar” kubokun bir addımlığında dayanmışdı. 2014-cü il mayın 22-də “Neftçi” ilə görüşün (1:1) taleyi penaltilər seriyasında həll olunmuşdu. Zərbələri daha dəqiq olan bakılılar 3:2 hesablı qələbə qazanmışdı.

Ümumilikdə, Naxçıvandakı final “Qəbələ”nin kubokda 53-cü oyunu olacaq. Komanda indiyədək keçirdiyi 52 matçda 26 qələbə qazanıb, 17 heç-heçə edib və 9 dəfə uduzub. 84 qol vurub, 43-nü buraxan “qırmızı-qaralar”ın bu yarışdakı bombaridiri Kənan Kərimovun hesabında 7 top var. Oyun sayında rekordçu isə Samir Zərgərovdur – 18 oyun.

3 ildən sonra yenidən finala yüksələn “Qəbələ”nin bu dəfəki rəqibi “Qarabağ” olacaq. “Qırmızı-qaralar” 42 dəfə qarşılaşdığı rəqibə kubok matçlarında uduzmayıb. Düzdür, çempionat və kubokun ümumi balansı ağdamlıların xeyrinədir. 10 qələbə qazanan komandamız 16 heç-heçə edib və 16 dəfə uduzub. Top fərqində də ağdamlılar öndədir – 50:39.

Lakin bu oyunlardan yalnız 6-sı kuboka təsadüf edib. Bu yarışda “Qəbələ” rəqibinə uduzmayıb. 1 qələbəsi olan komanda 5 dəfə bərabərliklə kifayətlənib. Top fərqində “qırmızı-qaralar”ın minimal üstünlüyü var. Maraqlıdır ki, komandalar kubokda ardıcıl 3 mövsüm, hər dəfə də eyni – 1/4 final mərhələsində üz-üzə gəlib. Bütün duellərdə ilk oyun “Qəbələ”nin meydanında baş tutub. 2011/12 və 2012/13 mövsümlərində evdə qollu heç-heçə edən “qırmızı-qaralar” mübarizəni dayandırıb. Ağdam təmsilçisi evdə qol buraxmadığından səfər topları sayəsində yarımfinala adlayıb. 2013/14 mövsümündə də evdə heç-heçə edən, lakin bu dəfə qolsuz matçın iştirakçısı olan “qırmızı-qaralar” səfərdə qalib gəlib. Naxçıvandakı final həm də rəqiblərin neytral meydanda keçiriləcək ilk görüşüdür. İndiyədək hər komanda 21 dəfə rəqibini qəbul edib.

“Qarabağ”la matçlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu Dododur – 5 qol. Viktor Mendi 4, Sergey Zenyovla Filip Ozobiç 3, Kənan Kərimov, İqor Melnik və Samir Zərgərov hərəyə 2 qol vurublar.

Həmin kateqoriyadan