3 boksçumuz 1/4 finalda

3 boksçumuz 1/4 finalda

Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı mərhələ adlayıb.

Sübhan Məmmədov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə dünya çempionumuzun xeyrinə başa çatıb. O, növbəti cəhdində İstvan Szaka (Macarıstan) ilə qarşılaşacaq.

Malik Həsənov (65 kq) da adını 1/4 finala yazdırıb. Avropa çempionatının mükafatçısı ikinci döyüşündə Rumen Rumenovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz ilk raundda tam üstünlüklə qələbə qazanıb. Həsənov üçüncü görüşündə Elvin Əliyevlə (Ukrayna) gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) də yarışa uğurla başlayıb. Dünya kubokunun sahibi 1/8 finalda Nikolay Burdiujaya (Moldova) qalib gəlib. Abdullayev rəqibini üçüncü raundda tam üstünlüklə məğlub edib. O, 1/4 finalda Omar Şiha (Norveç) ilə qüvvəsini sınayacaq.

Hər 3 görüş sentyabrın 22-də keçiriləcək.

Sentyabrın 25-də yekun vurulacaq yarışda daha öncə 2 boksçumuz adını 1/4 finala yazdırıb.

Həmin kateqoriyadan