3 boksçumuz həm mərhələ adlayıb, həm də lisenziya qazanıb

Ukraynanın Xarkov şəhərində kişi boksçuların Avropa çempionatında 1/8 finala start verilib. Allsport.az saytı xəbər verir ki, bu mərhələdə 5 idmançımız rinqə çıxıb. Onlardan 3-ü qalib gəlməklə həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziya qazanıblar.

Millimizin heyətində Məsud Yusifzadə (49 kq ) Nəzər Kurotçinlə (Ukrayna) üz-üzə gəlib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ardınca Lorenzo Sotomayor (64 kq) qüvvəsini sınayıb. Fransalı Vahid Hambli ilə qarşılaşan olimpiya mükafatçımız rəqibini 4:1 hesabı ilə məğlub edib. O, 1/4 finalda polşalı Mateuş Polski (Polşa) ilə gücünü yoxlayacaq.

Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışda ilk döyüşünü qələbə ilə bitirib. O, Aleksandr Kaleyevə (Belarus) 4:1 hesabı ilə qalib gəlib. İkiqat dünya çempionumuz yarımfinala gedən yolda Camili-Dini Aboudo-Moindze (Fransa) üz-üzə gələcək.

52 kq-da Elvin Məmişzadə Manuel Fabritsio Kappai (İtaliya) ilə döyüşüb. Qarşılaşmadan rəqib üstün ayrılıb – 5:0. Çempionatın 4-cü günündə Pərviz Bağırov (69 kq) da ilk sınağına çıxıb. Simyon Çamovla (Bolqarıstan) üz-üzə gələn həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşdə ukraynalı Yevgeni Barabanovla mübarizə aparacaq.

1/4 final döyüşləri iyunun 21-də olacaq. Qeyd edək ki, bu gün daha 4 boksçumuz 1/8 finalda rinqə çıxacaq.

Həmin kateqoriyadan