3-qat dünya çempionu: “Düzünü deyim ki, bizim uşaqlardan heç biri uduzmadı”

Bu gün boksçularımız qayıdıblar. Allsport.az saytı xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan millimizi Heydər Əliyev adına beynəlxalq hava limaında idman ictimaiyyətinin nümayəndələri və bokssevərlər alqışlarla qarşılayıblar.

KİV nümayəndələrinin suallarını cavablandıran 3 qat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) bildirib ki, Azərbaycan adına üçüncü qızıl medalı qazandığı üçün fəxr edir: “Çox xoş, çox gözəl hisslərdir. Əlbəttə ki, döyüşlərim, xüsusilə də final asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim”.

Onun sözünə görə, yığmamızın üzvləri hakim haqsızlığı ilə üzləşib: “Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi”.

Həmin kateqoriyadan