3 titullu boksçumuzun heç biri APB dünya çempionu kəmərinə sahib çıxa bilmədi

AİBA Pro Boxing (APB) turnirində dünya çempionu kəməri uğrunda döyüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, bu dəfə ilk mövsümün qalibləri 2-ci çempionatda ən yaxşı nəticə göstərmiş boksçularla üz-üzə gəlib.

69 kq çəki dərəcəsində həlledici döyüşlər Türkiyənin Ərzurum şəhərində baş tutub. Bakıda keçirilən yarışda bütün rəqiblərinə qalib gələn Onur Sipal London Olimpiadasının bürünc mükafatçısı Andrey Zamkovoyla qarşılaşıb. 4-cü raundda zədələnən rusiyalı boksçu döyüşü sonadək davam etdirə bilməyib və yerli rinq ustası APB dünya çempionu kəmərinə sahib olub.

60 kq çəki dərəcəsində kəmər uğrunda görüşə Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edib. Yerli boksçu Xurşid Tocibayev qazaxıtanlı Berik Abdurahmanovla qarşılaşıb. Vaxtilə “Baku Fires”in heyətində çıxış edən Tocibayev yanvarda uduzduğu rəqibindən revnş ala bilib. 12 raunddan sonra hakimlər özxbəkistanlı boksçunu qalib elan ediblər.

91 kq çəki dərəcəsində rusiyalı Aleksey Yeqorov APB kəmərinə yiyələnib. Moskvada keçirilən görüşdə onun rəqibi italiyalı Klemente Russo olub. 2008 və 2012-ci illərin Olimpiya oyunlarının mükafatçısı 5-ci raunddan sonra zədələndiyini əsas gətirərək, döyüşü davam etdirməkdən imtina edib. Buna qədər iki dəfə Russodan üstün olan Yeqorov 3-cü qarşılaşmada da qalib elan olunub.

APB kəməri uğrunda döyüşlərə Azərbaycan boksçularından Cavid Çələbiyev (60 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91 kq) da qatılıb. Amma onlar erkən mərhələlərdə uğursuzluqla üzləşib, yarışı məğlub tərk edib.

Həmin kateqoriyadan