“4-cü yer də bizi qane edir”

Sabah Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turu çərçivəsində “Baku Fires” və “Rafako Hussars Poland” klubları qarşılaşacaq. Allsport.az xəbər verir ki, bu gün hər iki komandanın baş məşqçilərinin və boksçuların iştirakı ilə mətbuat konfransı keçirilib.

Komandamızın baş məşqçisi Nuripaşa Talibov startda iki məğlubiyyət almalarının onu qorxutmadığını deyib: “İki görüşdə uduzmağımıza baxmayaraq, hələ heç nə itirilməyib. Hər qrupda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək. Odur ki, 4-cü yer də bizi qane edir. Əminəm ki, pley-off mərhələsinə yüksələcəyik”.

“Rafako Hussars Poland” klubunun baş meneceri Yojek Şelaqovski “Baku Fires”i güclü rəqib kimi xarakterizə edib: “Azərbaycan komandası çox güclüdür. Ötən mövsüm onlar hər iki görüşdə bizi məğlub etdi. Düzdür, bu il heyətimiz fərqlidir. Komandamıza yeni boksçular dəvət olunub. Amma bu dəfə də bizə çətin olacaq. “Baku Fires”in ağır çəkili boksçuları güclüdür. Yeni məşqçimiz var. Bu il çalışacağıq ki, qrupdan çıxaq. Yüngül və orta çəkilərdə Olimpiya oyunlarına lisenziya almağa da iddialıyıq”.

Komandamızın heyətində ən titullu boksçulardan olan Albert Səlimov da (60 kq) görüşlə bağlı fikirlərini bildirib: “Bütün qarşılaşmalara qələbə üçün çıxıram. Fərq etməz rəqibim kimdir. Qələbə qazanaraq, şəxsi göstəricilərimi yaxşılaşdırmaq istəyirəm. İnanıram ki, sabah komandamız inamlı qələbə qazanacaq”.

Səlimovla üz-üzə gələcək David Miçelius rəqibini tanıdığını qeyd edib: “Səlimovun hansı titullara malik olduğunu bilirəm. Onun haqqıda məlumatım var. Vasili Lomaçenko ilə döyüşlərinin də necə gərgin keçdiyini bilirəm. Gənc olmağıma baxmayaraq, sabah əlimdən gələni edəcəm. Məşqçilər mənə etimad göstəriblərsə, deməli, nəyəsə qadirəm”.

Qeyd edək ki, son anda “Rafako Hussars Poland” komandasının heyətində dəyişiklik edilib. 69 kq çəki dərəcəsində Stiven Donellinin əvəzinə Rafal Perçinski rinqə çıxacaq.

Komandaların heyəti:

“Baku Fires” – “Rafako Hussars Poland”
52 kq. Elvin Məmişzadə – Qrjeqorj Kozlovski
60 kq. Albert Səlimov – David Miçelus
69 kq. Pərviz Bağırov – Rafal Perçinski
81 kq. Soltan Migitinov – Yordan Kulinski
+91 kq. Arslanbek Mahmudov – Mantas Valaviçius

Xatırladaq ki, “Baku Fires” – “Rafako Hussars Poland” görüşü fevralın 7-də saat 19:00-da Quba Olimpiya Kompleksində keçiriləcək.

Həmin kateqoriyadan