ABF-in prezidenti ünlü boksçularla görüşüb. Çempionlar və veteranlar komitəsi yaradılır

Azərbaycan boks federasiyasının prezidenti Sahil Babayev veteranlarla görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda olimpiya mükafatçıları, Avropa və dünya çempionatlarında ölkəmizin adını şərəflə qorumuş ünlü rinq ustaları iştirak ediblər. Tədbirdə boksda yüksək nailiyyətlərin əldə olunması, kütləviliyin atılması üçün vacib olan addımlar, boksun ölkəmizdə daha da populyarlaşması və yığma komandaların beynəlxalq arenada uğurlu çıxış yolları müzakirə olunub. Həmçinin çempionlar və veteranlar komitəsinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sahil Babayev bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkəmiz böyük irəliləyişlərə nail olub. Olimpiya oyunlarında medal sayına görə boksun 2-ci yerdə qərarlaşdığını xatırladan federasiya rəhbəri, əsas hədəf yeni rekordlar vurmaq olduğunu deyib. 22 yaşadək boksçularımızın Avropa çempionatındakı çıxışını yüksək qiymətləndirən federasiya rəhbəri 4 medalın əldə olunmasını başlanğıc kimi dəyərləndirib. O, əsas hədəfin Paris-2024 olduğunu vurğulayaraq, yeni tarixin və yeni rekordun Fransa paytaxtında vurulacağına inam ifadə edib.

İnkişaf üçün beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən danışan Sahil Babayev federasiyanın yeni strukturunda xüsusi komitələrin olacağını deyib. O bildirib ki, Azərbaycanda boks məktəblərinin formalaşması, tək Bakıda deyil, bölgələrdə də kütləviləşməsi üçün veteran boksçuların köməyinə ehtiyac duyulacaq. Bu səbəbdən də federasiyada veteranlardan ibarət məşvərət şurası formalaşdırılacaq. Nazir bununla bağlı görüşdə iştirak edən sabiq boksçulara tapşırıqlarını da verib.

Sonra veteran boksçular inkişaf üçün görülməli olan işlərdən və uğurlu çıxış üçün vacib amillərdən danışıb, təkliflərini veriblər. Nazir idmançıları dinlədikdən sonra bildirib ki, əsas hədəf yüksələn xətlə inkişafa nail olmaqdır. Təkliflərə əsasən gələcəkdə zona yarışlarının, məşqçi, idmançı və hakimlər üçün seminarların keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edən Sahil Babayev vahid və ədalətli boks ailəsinin formalaşacağını deyib. O, veteranların hər birindən təkliflərini gözlədiyini bildirərək, veteranlar komitənin formalaşdırılması üçün lazımı addımların atılmasını istəyib.

Regionlarda boksun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, idarə heyətinə lazımı tapşırıqlar verilib.

Həmin kateqoriyadan