ABŞ-də beynəlxalq turnirdə 3 boksçumuz finala yüksəlib

ABŞ-ın Pueblo şəhərində boksçuların beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb. Allsport.az saytı xəbər verir ki, bizimlə yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippinin qatıldığı yarışda 3 təmsilçimiz finala yüksəlib.

51 kq çəkidə Məsud Yusifzadənin rəqibi Bo Fanq (Çin) döyüşə gəlmədiyi üçün mərhələ adlayıb. O, həlledici qarşılaşmada çinli Xinminq Ma ilə üz-üzə gələcək.

Ümid Rüstəmov (57 kq) Xinyan Vanqın (Çin) ardınca onun komanda yoldaşı Ping Lyuya da gücünü göstərib. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov finalda Julius Ballonu (ABŞ) sınağa çəkəcək.

Məhəmməd Abdullayev (+92 kq) də çempionluq döyüşünə vəsiqə qazanıb. O, yarımfinalda Danabieke Bayikevuzini (Çin) məğlub edib – 3:2 (30:27, 29:28, 29:28, 28:29, 28:29). Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşəcək.

Komanda yoldaşlarından fərqli, Nəbi İsgəndərov (71 kq) bürünc medalla kifayətlənib. Omari Consla (ABŞ) dueldə finala rəqib yüksəldiyindən boksçumuz 3-cü yeri tutub.

Qeyd edək ki, turnirdə final döyüşləri sentyabrın 15-də olacaq.

Həmin kateqoriyadan