AİBA Səlimovu ayın ən yaxşısı seçdi

Beynəlxalq Boks Federasiyası (AİBA) aprel ayının ən yaxşı boksçusunun adını açıqlayıb. Azərbaycan milli komandasının və “Baku Fires” klubunun üzvü Albert Səlimov ötən ayın ən yaxşısı seçilib. Allsport.az xəbər verir ki, boksçumuz WSB liqasının cari mövsümündə 6 görüşdə qələbə qazanaraq, fərdi reytinqdə 2-ci yeri tutub. AİBA-nın rəsmi saytında Səlimov haqqında ətraflı məlumat verilib.

Albert Səlimov 1986-cı ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. O, ilk dəfə olarar 2004-cü ildə Koreyanın Jeju şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyində iştirak edib. Səlimov ilk dəfə 20 yaşı olarkən – 2006-cı ildə böyüklər arasında Rusiya çempionatında 1-ci yerə layiq görülüb. Həmin il Bolqarıstanın Plovdiv şəhərində Avropa çempionatına qatılan boksçu qızıl medala sahib olub. Onun karyerasının əsas uğurlarından biri 2007-ci ildə dünya çempionatında ukraynalı Vasili Lomaçenkonu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxması olub. Ancaq Səlimov 2008-ci ildə Pekin Olimpiadasında ukraynalı rəqibinə ilkin mərhələdə uduzub. Son illərdə WSB liqasında mübarizə aparan boksçunun əsas məqsədlərindən biri Rio de Janeyro Olimpiadasında uğur qazanmaqdır.

2013-cü ildən “Baku Fires” klubunun heyətində Ümumdünya Boks Seriyasında çıxış edən boksçu 60 kq çəki dərəcəsində ən yaxşılardan sayılır. O, bu mövsüm 2 qat Qazaxıstan çempionu Zakir Safiullin kimi güclü rəqibi məğlub edib. Son döyüşdə amerikalı Karlos Balderası məğlub edən Səlimov Olimpiya oyunlarına vəsiqə qazanıb.

Albert Səlimov: “Mən 8 il Rusiya millisinin heyətində öz çəkimdə 1-ci nömrə olmuşam. 2008-ci ildə Pekin Olimpiadasına qızıl medal qazanmaq üçün getmişdim. Amma ilk görüşdə ukraynalı Vasili Lomaçenkoya uduzdum. 2012-ci ildə London Olimpiadasına vəsiqə qazana bilmədim. Bundan sonra həyatımda müəyyən dəyişiklik etməyi qərara aldım. Əvvəlki səhvlərimdən nəticə çıxararaq Rio Olimpiadasında qarşıya qoyduğum məqsədə çatmağa çalışacam”.

Qeyd edək ki, Albert Səlimov hazırda Azərbaycan milli komandasının heyətində Meksikada təlim-məşq toplanışındadır.

Həmin kateqoriyadan