AMADA-nın əməkdaşları azad olunmuş ərazilərdə olub

Səfər çərçivəsində AMADA nümayəndələri Qarabağ universitetində olublar. Allsport.az saytı xəbər verir ki, rektor, eləcə də antidopinq agentliyin müşahidə şurasının üzvü Şahin Bayramov ilə keçirilən görüşdə ali təhsil ocağının fəaliyyəti, qısa müddətdə əldə olunan nailiyyətlər, azad edilmiş ərazilərdə müasir və beynəlxalq standartlara cavab verən universitetin fəaliyyət göstərməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı gənclər arasında sağlam həyat tərzinin təşviqi, təmiz idman prinsiplərinin aşılanması və gələcək əməkdaşlıq imkanları da müzakirə olunub.

Sonra universitetin hüquqşünaslıq və tibb fakültələrinin tələbələri ilə görüş keçirilib. Tələbələrə 2027-ci ildən qüvvəyə minəcək yeni ümumdünya antidopinq məcəlləsi, beynəlxalq standartlar, antidopinq qaydaları və idmanda etik davranış prinsipləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində AMADA əməkdaşları Qarabağ universitetinin klinikası, eləcə də tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu ilə tanış olublar. Universitetdə yaradılan müasir tədris və tibbi infrastruktur, tələbələrin praktik biliklərinin artırılması istiqamətində görülən işlər barədə nümayəndələrə ətraflı məlumat təqdim edilib.

Növbəti görüş Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək şagirdlərin sağlam və düzgün dəyərlər əsasında formalaşmasında maarifləndirici tədbirlərin mühüm rol oynadığını vurğulayıb, gənclərin zərərli vərdişlərdən uzaq yetişdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə görə AMADA rəhbərliyinə təşəkkürünü bildirib.

Görüş zamanı şagirdlərə dopinq və narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və idman karyerasına vurduğu zərərlər barədə məlumat verilib, sağlam və məsuliyyətli həyat tərzinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii proqram nümayiş etdirilib.

Həmin kateqoriyadan