AMADA rəsmiləri T-DO-da

Martın 6-7-də Fransanın Strasburq şəhərində antidopinq konvensiyasının monitorinq qrupunun (T-DO) 58-ci iclası keçirilib.

Allsport.az xəbər verir ki, iclasda ölkəmiz Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Plenar və qapalı iclaslarda keçirilən tədbirdə antidopinq təşəbbüsləri ilə bağlı müxtəlif institusional, inzibati, əməkdaşlıq və monitorinq məsələləri müzakirə edilib.

Gündəliyin əsas məsələlərinə 57-ci iclasın hesabatının təsdiqi, imzalar və ratifikasiyalar haqqında Katibliyin yenilənməsi, 2024-2027-ci illər üçün T-DO strategiyasının və əməliyyat proqramının qəbulu daxil edilib. Müzakirələrdə, həmçinin fitnes mərkəzləri və idman zalları ilə bağlı antidopinq tədbirləri, xarici tərəfdaşlarla əməkdaşlıq və iştirakçı dövlətlərdəki son yeniliklər müzakirə olunub.

Uşaq hüquqları və antidopinqlə bağlı müzakirələr zamanı antidopinq prosesində iştirak edən uşaqların dəstəklənməsi, maarifləndirilməsi, qorunması, dopinq testlərdən keçirilməsi və ədalətli dinləmənin təmin edilməsinin vacibliyi vurğulanıb. Digər sessiyada Ümumdünya Antidopinq Proqramının yenilənməsində T-DO-nun rolu müzakirə edilib.

Ümumilikdə iclasın məqsədi antidopinq konvensiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, problemlərin həlli və antidopinq səylərinin gücləndirilməsi olub. Tədbir növbəti iclasın tarixlərinin və digər məsələlərin müzakirəsi ilə başa çatıb.

Həmin kateqoriyadan