AMADA nümayəndələri beynəlxalq iclasda

Fransanın Strasburq şəhərində ümumdünya antidopinq agentliyi (VADA) üzrə ad hoc Avropa komitəsinin (CAHAMA) 63-cü iclası işə başlayıb.

Allsport.az xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. ​

İki gün davam edəcək iclasda müxtəlif milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələləri müzakirə edəcəklər.

Tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, CAHAMA-nın iş metodlarının müzakirəsi, katiblikdə yeniliklər və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.

İclas çərçivəsində müxtəlif milli antidopinq təşkilatlarının (NADO) uyğunluq statusu ilə bağlı sirkulyar məktublara baxılıb. 2025-2027-ci illər üçün VADA fondunun icraiyyə komitəsinə və şurasına Avropa nümayəndələrinin seçilməsi prosedurları da müəyyən edilib. Müvafiq məşvərət qrupları VADA-nın iclasının gündəliyində duran məsələlərlə bağlı təqdimatlarla çıxış ediblər.

Açıq sessiyada VADA-nın ümumi təqdimatı olub və müxtəlif suallar cavablandırılıb.

İclasın birinci günü CAHAMA-nın qarşıdan gələn VADA İcraiyyə Komitəsinin iclası, Komitənin sədr və sədr müavininin seçilməsi və digər işgüzar məsələlərlə bağlı mövqeyinin müzakirəsi ilə yekunlaşıb.

Tədbirə martın 6-da yekun vurulacaq.

Həmin kateqoriyadan