“İlk Avropa Oyunları bütövlükdə Cənubi Qafqaz üçün mühüm hadisədir”

Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti, sərbəst güləş üzrə 5 qat dünya çempionu, Olimpiya Oyunları çempionu Leri Xabelov 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı “Azərtac”a müsahibə verib. Allsport.az həmin müsahibəni təqdim edir:

– Bildiyiniz kimi, iyunun 12-dən 28-dək Bakıda ilk Avropa Oyunları keçiriləcək. Siz bu yarışların Bakıda keçirilməsini necə dəyərləndirirsiniz?
– İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xəbərini eşidəndə həm idman ictimaiyyətinin nümayəndəsi, həm də Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti kimi çox sevindim. Mən Avropa Olimpiya Hərəkatında və Ümumdünya Olimpiya Hərəkatında hansı proseslərin getdiyini, dünya və Olimpiya çempionatlarının keçirilməsi ilə bağlı qərarların necə qəbul olunduğunu, bunun üçün hansı ciddi şərtlərin irəli sürüldüyünü çox yaxşı bilirəm. Ona görə də bu qərara çox sevindim. Bu, dost və qardaş Azərbaycan üçün çox böyük nailiyyətdir. Bu, həm də Azərbaycanın çox düzgün inkişaf yolu tutduğunu sübut edir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan deyil, bütün Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Bu, Azərbaycan üçün həm də çox böyük bir sınaqdır. Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nümayiş etdirəcək ki, nəyə qadirdir.
Ona görə də hesab edirəm ki, Bakıda belə bir mötəbər yarışın keçirilməsi heç də kiçik hadisə deyil. Bu gün sürətlə inkişaf edən Azərbaycanda idmanın 20-dək növü üzrə beynəlxalq yarışların təşkili bizim üçün də qürurvericidir. Biz həm də Azərbaycanın təcrübəsini öyrənirik və özümüzdə tətbiq edirik. Bilirsiniz ki, iyulun sonu, avqustun əvvəllərində Tbilisidə gənclər arasında ilk Olimpiya çempionatı keçiriləcək. Bu da Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir. Biz iki dost və qonşu ölkə dünyaya sübut etməliyik ki, biz də çox şeyə qadirik.
Düzdür, Azərbaycanda və Gürcüstanda bir neçə çempionatlar keçirilib. Amma bu yarışlar idmanın konkret bir hissəsinə aid olub. Amma Olimpiya oyunlarının təşkili tam başqa bir məharət tələb edir.

– Gürcüstan idmançıları Avropa Oyunlarına necə hazırlaşırlar, idmançılarınız hansı növlər üzrə Bakıda mübarizə aparacaqlar?
– Avropa Oyunlarına hazırlıq çox yüksək səviyyədə aparılır. İdmançılarımız Bakıda idmanın bütün növləri üzrə güclərini sınayacaqlar. Onların içərisində keçmiş dünya və Olimpiya çempionları da var. Gürcüstan dövləti Avropa Oyunlarında qalib gələcək komandalar və idmançılar üçün xüsusi mükafatlar da nəzərdə tutub. Fərdi olaraq birinci yeri tutan idmançıya 68 min lari (təqribən 34 min dollar), ikinci yerin sahibinə 51 min lari, üçüncü yeri qazanan idmançıya isə 34 min lari pul mükafatı veriləcək. Eyni zamanda, birinci yeri tutan komandaya 278 min lari, ikinci yerin sahibi olacaq komandaya 204 min lari, üçün yerin sahibinə isə 136 min lari mükafat veriləcək.

– Bu yarışlar ərəfəsində Azərbaycan ilə əlaqələriniz, təcrübə və ya fikir mübadiləniz olubmu?
– Bəli, bizim xüsusən də Azərbaycan Milli Olimpiya Komitəsi ilə çox yaxşı münasibətlərimiz var və mütəmadi olaraq əlaqə saxlayırıq. Biz Azərbaycanda gedən prosesləri yaxından izləyirik. Xüsusilə idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndiririk. Azərbaycan tərəfi də, biz də yaxşı başa düşürük ki, güclü dövlət qurmaq üçün sağlam nəsil, sağlam cəmiyyət lazımdır. Azərbaycanda bu istiqamətdə daha böyük işlər görülür.
Mən Azərbaycanda Avropa Oyunlarına hazırlıq işlərini xüsusi qeyd etmək istəyirəm. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir.
Çox şadam ki, azərbaycanlı dostlarımız idmanın inkişafı ilə bağlı bizə hərtərəfli kömək göstərirlər. İlk Avropa Oyunlarında iştirakımıza da Azərbaycan tərəfi kömək göstərəcəyini bildirib. Biz Azərbaycana 120 idmançı ilə gedəcəyik. Ümumilikdə isə Gürcüstandan bu yarışlarla əlaqədar Bakıya 200-dək qonağın getməsi nəzərdə tutulub.

– Gürcüstanda keçiriləcək gənclər arasında Olimpiya oyunlarına hazırlığın vəziyyəti necədir?
– Bayaq dediyim ki, biz də Olimpiya oyunlarına ciddi hazırlaşırıq. Bu yarışlarla bağlı Baş nazirin rəhbərliyi ilə təşkilat komitəsi yaradılıb. Biz çalışacağıq ki, bu tədbiri yüksək səviyyədə təşkil edək. Tbilisidə keçiriləcək gənclər arasında Olimpiya yarışları bizim üçün də ciddi sınaqdır. Mən yenə də qeyd edirəm. Ümumdünya Olimpiya Hərəkatı və digər beynəlxalq idman təşkilatları qərarları ele-belə qəbul etməyiblər. Biz çətin sınaq qarşısındayıq. Tbilisidə keçiriləcək Olimpiya oyunlarında 49 ölkədən 2600-dək idmançı iştirak edəcək. Ümumilikdə isə şəhərimizə 7 minə yaxın qonağın gələcəyini gözləyirik. Bununla əlaqədar Azərbaycanın təcrübəsini öyrənirik və bəzi sahələrdə tətbiq edirik.
Çalışacağıq ki, bu sınaqlardan qalib çıxaq. Əminəm ki, Azərbaycan da bunun üçün səylə çalışır. Biz bütün dünyaya sübut edəcəyik ki, Olimpiya oyunlarını, dünya çempionatlarını keçirməyə qadirik. Mən bu işdə Azərbaycan dövlətinə, onun rəhbərliyinə, xalqına uğurlar arzulayıram.

Həmin kateqoriyadan