Azarkeşlər “Qəbələ” və “Qarabağ” klublarını 7200 manat ziyana salıb

Bu gün AFFA-nın intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda premyer liqanın 19-cu turunun oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb. “İnter” – “Zirə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Matçın 74-cü dəqiqəsində “Zirə”nin qapıçısı Anar Nəzirovun sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alması 1 oyunluq cəza və 200 manat cərimə ilə nəticələnib.

AzAL-la ev görüşündə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozub. Bu üzdən də çalışdırıcı oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimələnib. “Kimyaçılar”ara xəbərdarlıq da edilib. Eyni hadisə yenidən təkrarlanacağı təqdirdə, kluba daha ağır cəza tətbiq olunacaq.

“Qəbələ” – “Qarabağ” matçında isə cəzalar daha çox olub. Bu matç ümumilikdə 7200 manatlıq cərimə ilə nəticələnib. Hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün əyalət təmsilçiləri hərəyə 800 manat ödəyəcək. Azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat ziyana salıb.
“Qara-qırmızılar”ın azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına isə daha ağır cəzaya səbəb olub. Əyalət təmsilçisi 4000 manat ödəyəcək.

Həmin kateqoriyadan