Bakı-2015-in “İdmançılar işi”ndə hökm oxunub

1-ci Avropa Oyunları zamanı Bakıda avstriyalı atletlərin vurulduğu avtobus qəzası ilə bağlı aylardır davam edən məhkəmə başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtobusun sürücüsü, onun adını Bakı-2-15-də xidmət göstərən sürücülərin siyahısına daxil etməkdə günahlandırılan Nəqliyyat Nazirliyinin 2 əməkdaşı və qəzanın görüntülərini yaymaqda təqsirləndirilən polisə hökm oxunub.

Cavid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə sürücü Vəli Əhmədova 3 il, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamova 3 il, Xidmətin Bakı Regional Şöbəsinin Sərnişindaşımanın təşkili sektorunun məsləhətçisi Fərid Əmiraslanova 2 il 11 ay 28 gün, Nizami Rayon Polis İdarəsinin “Təhlükəsiz Şəhər” xidmətinin keçmiş əməkdaşı Elçin Həsənova isə 4 il cəza verilib.

Xatırladaq ki, ötən il iyunun 11-də baş vermiş təsadüfi qəza nəticəsində Avstriyanın sinxron üzgüçülük üzrə millisinin üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyt ciddi xəsarət almışdılar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish