“Bakı FEİ-nin tarixinə yeni prezidentin seçildiyi şəhər kimi düşəcək”

dekabrın 11-dən 14-dək Bakıda Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyası keçirilib. Allsport.az saytı xəbər verir ki, FEİ-nin baş katibi İnqmar De Vos AzərTAc-a müsahibəsində Bakıya səfərindən və Assambleyanın əhəmiyyətindən danışıb:

– Əvvəlcə Federasiyanın Bakıda keçirilən Baş Assambleyası haqqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik. Bu Assambleya əvvəlkilərdən nə ilə fərqlənir?
– Əvvəla onu deyim ki, Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının Bakıda keçirilməsindən çox məmnunuq. Təbii ki, biz Bakıya yalnız bunun üçün gəlməmişik. Baş Assambleya sadəcə proqramın bir hissəsidir. Biz burada, eyni zamanda, bir sıra iclaslar, o cümlədən idarə heyətinin üzvləri, regional qruplar ilə görüşlər keçiririk. Bundan əlavə milli federasiyalar və üzvlərimiz ilə geniş müzakirələr də aparırıq.

– Assambleyada, eyni zamanda, Beynəlxalq Atçılıq Federasiyasının yeni prezidenti seçiləcək. Seçkilər barədə nə deyə bilərsiniz?
– Bu il keçirilən Baş Assambleya xüsusi əhəmiyyət kəsb edir, çünki biz Bakıda Federasiyanın yeni prezidentini seçəcəyik. Bildiyiniz kimi Federasiyanın hazırkı prezidenti İordaniya şahzadəsi, ülyahəzrət Həyya Bint əl-Hüseynin prezidentlik müddəti sona çatır və təəssüf ki, o, növbəti müddət üçün namizədliyini irəli sürməyib.
Prezidentlik üçün artıq beş namizəd qeydə alınıb və onlardan biri yeni başçı seçiləcək. Təbii ki, Azərbaycanın paytaxtı federasiyanın tarixinə yeni prezidentin seçildiyi bir şəhər kimi düşəcək.

– Cənab İnqmar, bu sizin Bakıya ilk səfərinizdir? Elədirsə, şəhərimiz barədə təəssüratınızı bilmək istərdik.
– Bəli, bu mənim Bakıya, Azərbaycana ilk səfərimdir. Sizin ölkəniz, insanların qonaqpərvərliyi və Azərbaycan Atçılıq Federasiyasının bizi yüksək səviyyədə və çox mehribanlıqla qarşılaması məndə böyük təəssürat oyadıb. Burada yaradılan şərait və infrastruktur belə deməyə əsas verir ki, bu dəfəki Baş Assambleya federasiyanın indiyədək keçirdiyi ən mühüm və əhəmiyyətli assambleyalardan biri olacaq.

– Atçılıq idman növünün həm Azərbaycanda, həm də dünyada inkişafını necə dəyərləndirərdiniz?
– Azərbaycan atçılıq idman növündə mühüm irəliləyişlər əldə edib. İdmançılarınız beynəlxalq yarışlarda getdikcə daha fəal təmsil olunurlar. Şəxsən tanıdığım Azərbaycan idmançısı Camal Rəhimov Avropada bir çox mötəbər yarışlara qatılır. Gördüklərimə əsaslanıb deyə bilərəm ki, bu idman növünün inkişafı üçün Bakıda böyük potensial var. Düşünürəm ki, həqiqətən də atçılıq idman növü ölkənizdə parlaq gələcəyə malikdir.
Dünyada da idmanın bu növü inkişaf etməkdədir. İdmançılarla yanaşı, yarışların da sayı artmaqdadır. Mən müxtəlif ölkələrdə oluram. Bu idman növünə marağın getdikcə artığına şəxsən şahidəm. Eyni zamanda yarışlara tamaşaçı marağı da artır. Əgər 2010-cu ildə ABŞ-da keçirilən atçılıq üzrə yarışları iki milyondan çox tamaşaçı izləmişdisə, bu il Fransadakı yarışlar özünə 5 milyondan çox tamaşaçı cəlb edib. Biz bütün bunlardan çox məmnunuq.

Həmin kateqoriyadan