Bakıda dünya rekordu vurulub

Bakıda atıcılıq üzrə dünya kuboku davam edir.

Allsport.az xəbər verir ki, bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final mərhələsinin görüşləri keçirilib.

Qızıl və gümüş medallar Koreyanı təmsil edən atletlərin aktivinə yazılıb. Yeji Kim qalib olub, Jiin Yang ikinci yerlə kifayətlənib. Almaniyalı Jozefin Eder Dünya kubokunda ardıcıl ikinci dəfə bürünc medalın sevincini yaşayıb. Kim 42 dəfə dəqiq atəş açmaqla bu növdə yeni dünya rekorduna imza atıb.

Finalın ən sürpriz məqamı Almaniyanı təmsil edən Doren Vennekampın yarışı növbəti dəfə medalsız başa vurması olub.

Dünya kubokunda 3, Avropa çempionatında 3, dünya çempionatında 2 dəfə qızıl medal qazanan almaniyalı atlet Bakıda üzləşdiyi uğursuzluqla bağlı açıqlama verib:
“Bakı Atıcılıq Mərkəzində atəş açmaq mənə həmişə zövq verib. Burada yarışmaq mənim üçün xoş olduğuna görə həmişə xoşbəxt görünmüşəm. Bakıda gözəl xatırələrim var, medallar qazanmışam, dünya çempionu adına layiq görülmüşəm. Son vaxtlar çox yarışlarda iştirak etmişik. Buna görə də bir az yorğunluq ola bilər. İşlər gözlədiyim kimi getmədi. Final mərhələsində daha diqqətli olmaq lazımdır. Texnikada müəyyən dəyişikliklər etmişdik. Amma əvvəlki kimi çox effektli olmadı. Ona görə də nəticəyə təsir etdi”.

O bildirib ki, finalda həmyerlim Jozefin Ederi görmək onu sevindirib: “Biz ikimiz də həmişə finallar üçün hazırlaşan idmançılarıq. Çox sevinirəm ki, onda bu gün yaxşı alındı. Əsas mərhələdə qətiyyət nümayiş etdirdi. Özüm dördüncü olsam da, ümumilikdə Almaniya komandası üçün gözəl mənzərədir”.

Həmin kateqoriyadan