- Baxış sayı: 57
- 30 Oktyabr 2026 17:47
- Baxış sayı: 212
- Oktyabr 25, 2026
- 0

Zəfər günü münasibətilə Bakıda ənənəvi “Qələbə qaçışı” təşkil olunub.
Allsport.az xəbər verir ki, yarış “Qürurla irəli” şüarı altında baş tutub.
Açılış mərasimində əvvəlcə dövlət himni səsləndirilib, sonra vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dənizkənarı milli parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürən iştirakçılar 10 kilometrlik məsafəni qət ediblər. Vətən müharibəsi şəhidlərinin övladları yarışın fəxri iştirakçıları olublar. Onlar finiş xəttində idmançıları qarşılayaraq məsafəni başa vuranlara medallar təqdim ediblər.
Bu il “Qələbə qaçışı”na 2000-dən çox şəxs qatılıb. Bu, yarışın 2021-ci ildən keçirilən bütün buraxılışları arasında ən yüksək iştirakçı göstəricisidir.
Kişilərin mübarizəsində Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutub. Qadınlar arasında Anna Yusupova qalib olub. Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova üçüncü pillədə qərarlaşıb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
İki gün ərzində dənizkənarı milli parkda müxtəlif əyləncə tədbirləri də təşkil olunub. Yarışdan sonra keçirilən konsert proqramında Xalq artisti Röya, Murad Arif və Mərdan çıxış ediblər.
Xeyriyyə məqsədi daşıyan yarış çərçivəsində qeydiyyatdan əldə olunan bütün vəsait “YAŞAT” fonduna ianə ediləcək.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.