“Bakıda hər kəs bizim uğurumuzdan məmnundur”

Futzal millimizin hücumçusu Tyaqo Bolinya açıqlama verib. Allsport.az xəbər verir ki, Bolinya Moldova ilə son matçlarının (5:3) çətin keçdiyini deyib:

“Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə ilk növbədə komanda yoldaşlarımı və texniki heyətimizi təbrik edirəm. Əlbəttə, Moldova ilə son görüşümüz çox çətin keçdi. Rəqib həqiqətən yaxşı oynadı. Bizim üçün vacib olan nəticə idi, onu da əldə etdik. Moldovaya qarşı Bakıda daha yaxşı oynamışdıq. Hakimlərin də müəyyən qədər onlara simpatiyası var idi

Hazırda birinci pillədə yer almışıq. İndi qalan iki oyunda qələbə qazanmalıyıq ki, həm yerimizi təmin edək, həm də maksimum xal toplayaq. Yəni bizim üçün mübarizə başa çatmayıb. Yəqin fikirləşən olacaq ki, məqsədimizə çatmışıq, qalan matçları zəif keçirəcəyik. Qətiyyən elə olmayacaq. Slovakiya ilə onların meydanındakı oyunumuz bilirik ki, çox çətin keçəcək.

İndi Bakıda hər kəs bizim uğurumuzdan məmnundur. Azarkeşlərimizi təbrik edirəm. Pandemiya ilə əlaqədar zallara tamaşaçı buraxılmasa da, bilirəm ki, Azərbaycanda bizi sevənlər çoxdur. Biz də onları bu uğurla sevindirdiyimizə görə şadıq.

Təbii ki, final mərhələsi çətin keçəcək. Ancaq ona qədər hələ iki rəsmi oyunumuz var. Bu mərhələ başa çatdıqdan sonra həlledici mərhələ haqda fikirləşmək olar. Mütləq şəkildə yaxşı hazırlıq keçməliyik”.

Həmin kateqoriyadan