Atıcılıq üzrə dünya kuboku davam edir

Qızıl medal sevincini Çini təmsil edən Yu Xie yaşayıb. Allsport.az xəbər verir ki, ötən il Bakıda keçirilən mundialda dünya çempionu adını qazanan asiyalı atlet həlledici mərhələdə Almaniyadan olan Robin Valteri üstələyib.

Həmçinin bürünc medal da çinli atıcıya nəsib olub. Aktivində üç dünya çempionu titulu olan Boven Zhang bu dəfə “bürünc”lə kifayətlənib.
Eyni növdə qadınların mübarizəsinə gəlincə, Kamille Yedrjeyesvki sürpriz nəticəyə imza atıb. 22 yaşlı atıcı Çin və Koreyadan olan güclü rəqiblərini üstələyərək qızıl medala yiyələnib. Koreyalı Yeji Kim gümüş, Çindən olan Ranxin Jianq bürünc medalla kifayətlənib.

Medalların təqdim olunması mərasimində Azərbaycan respublikasının gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qızıl medal qazanaraq göz yaşlarını saxlaya bilməyən Yedrjeyevski qalibiyyətlə bağlı təəssüratlarını bölüşüb:

“Təsnifat mərhələsi kifayət qədər gərgin keçmişdi. Final mərhələsinin bir gün sonraya təsadüf etməsi yaxşı oldu. Belə olan halda, dincəlmək və həlledici mərhələyə köklənmək üçün vaxt qazandım. Fəxri kürsüyə qalxdığıma görə məşqçimə təşəkkür edirəm.

Bəli, “qızıl” qazandığımı biləndən sonra təsirləndim və göz yaşlarımı saxlaya bilmədim. Həmin an özümlə fəxr etdim və hislərə qapıldım. Hər gün qızıl medal qazanmırıq deyə, belə anlar bəzən adamı təsirləndirir.
Fransalı atıcı paytaxtımızın onun üçün düşərli olduğunu deyərək, gördüklərindən məmnunluğunu dilə gətirib:

“Bu, Bakıda ilk qızıl medalımdır. 2022-ci ildə burada keçirilən Dünya Kubokunda gümüş medal qazanmışdım. Bakı Atıcılıq Mərkəzini ümumilikdə yaxşı tanıyıram. Bəlkə də uğur qazanmağımda bu amilin də rolu var. Çünki hər mənada özümü rahat hiss edirəm”.

Paytaxtınızla bağlı xoş xatirələrim var. Komandamızla birlikdə şəhəri gəzmək imkanımız oldu. Mərkəzdə dolaşdıq, dəniz kənarında gəzdik. Burada olmaqdan zövq aldığımızı deməliyəm”.

Həmin kateqoriyadan