“Baku Fires” son qarşılaşma üçün heyətini açıqladı

Aprelin 25-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 14-cü turu çərçivəsində “Baku Fires” “Argentina Condors” klubu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, bu, komandamızın qrup mərhələsində sonuncu görüşü olacaq. Argentina təmsilçisi 4 xalla qrupun aşkar autsayderidir.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Argentina Condors”

52 kq. Murad Rabadanov – Rikardo İbarra
60 kq. Nəsrəddin Məmmədov – Brayan Nunyez
69 kq. Pərviz Bağırov – Luis Alberto Veron
81 kq. Mixail Dauqalivets – Xuan Rizo Patron
+91 kq. Hacı Murtuzəliyev – Fakundo Qiqlion

Albert Səlimov Rio de Janeyro Olimpiadasına lisenziyanı təmin etdiyindən məşqçilər təcrübəli boksçuya istirahət verməyi qərara alıblar. Onun əvəzinə gənc Nəsrəddin Məmmədov Ümumdünya Boks Seriyasında debüt edəcək. Həmyerlimiz bu mövsüm 4 döyüşdə məğlub olan Nunyezlə üz-üzə gələcək.

Fərdi reytinqdə 4-cü yeri tutan Pərviz Bağırov bu mövsüm bir dəfə rinqə çıxan və uduzan Veronla qarşılaşacaq.

Argentina klubu cari çempionatda cəmi 1 dəfə qalib gəldiyindən “Baku Fires” bu qarşılaşmanın aşkar favoriti sayılır.

Bu həftə B qrupunda “Astana Arlans” səfərdə “İtalia Thunder”in qonağı olacaq. “Caciques Venezuela” rəqib meydanında “Rafako Hussars Poland”la qarşılaşacaq. USA “Knockouts” doğma divarlar arasında “Puerto Riko Hurricanes”i qəbul edəcək.

Turnir cədvəli
1. “Astana Arlans” – 39 xal, (döyüşlərin nəticələri 54-11)
2. Baku Fires – 29, (43-22)
3. “İtalia Thunder “ – 24, (38-26)
4. “Venezuela Cacquez” – 23, (29-36)
5. Puerto Riko Hurricanes” – 17, (28-37)
6. USA “Knckouts” – 16, (27-38)
7. “Rafako Hussars Poland” – 15, (26- 39)
8. “Argentina Condors” – 4, (14-50)

Qrupda 2-ci yeri özünə təmin edən “Baku Fires” pley—off-da A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla 3-cüdür, meksikalılar isə 25 xalla 4-cü pillədədir.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Həmin kateqoriyadan