“Baku Fires”də qadın boksçu?

Koreyanın Jeju adasında WSB liqasının yeni mövsümünün draftı keçirilib. Boks Federasiyasının mətbuat xidmətindən allsport.az saytına verilən məlumata görə, əvvəlcə liqanın rəhbəri Kərim Bouzidi yeni yaradılan klublar barədə məlumat verib.

2015-ci ilin yanvarında start götürəcək mövsümdə 15 komanda iştirak edəcək. Draftda komandaların heyətlərinə cəlb etməsi üçün 239 boksçu təklif olunub. “Baku Fires”lə yanaşı Rusiya, “Astana Arlans”, “Cuba Domaderos”, ABŞ və Əlcəzair klubları draftda yeni idmançı almayıblar.

AİBA-nın icraçı-direktoru Ho Kim çıxışında qadın boksunu inkişaf etdirmək üçün bəzi islahatlar aparmaq niyyətində olduğunu deyib. O, 2016-cı ildən WSB liqasında hər komandanın heyətinə bir qız boksçunu daxil etmək təklifini verdiklərini söyləyib. Bundan başqa, AİBA Pro Boxing turnirində qadın idmançıların mübarizə aparması ideyası da müzakirə olunur.

Sabah AİBA-nın növbəti konqresi öz işinə başlayacaq. İki gün davam edəcək toplantıda Beynəlxalq Boks Federasiyasının rəhbərliyinə yeni seçkilər keçiriləcək. AİBA İcraiyyə Komitəsinin də yeni tərkibi müəyyən olunacaq.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov AİBA İcraiyyə Komitəsinin üzvüdür. Jejuda keçirilən tədbirdə ölkəmizi S.Mikayılovla yanaşı, “Baku Fires”in baş meneceri Rizvan Gənciyev və federasiyanın baş katibi Nağı Səfərov təmsil edir.

unnamed

Həmin kateqoriyadan