Boks federasiyası Rüfət Hüseynovun şansları barədə

Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə ustalar arasında növbəti dünya çempionatı start götürəcək. Allsport.az xəbər verir ki, komandamız yarışda 9 çəki dərəcəsində mübarizə aparacaq.

Yalnız Xaybulla Musalovun (75 kq) gözündə əməliyyat aparıldığından o, dünya çempionatında iştirak edə bilməyəcək. Bu gündən etibarən boksçularımızın Rio De Janeyro olimpiadasına lisenziya xarakteri daşıyan yarışda şanslarını dəyərləndirməyə çalışacağıq. İlk olaraq 49 kq çəki dərəcəsində çıxış edəcək Rüfət Hüseynov haqda.

Gənc boksçumuz ilk dəfə Nanjinqdə yeniytmələrin Olimpiya Oyunlarında qızıl medal qazanmaqla, diqqət mərkəzinə düşdü. Uzun illər idi ki, 49 kq çəki dərəcəsində seçmə komandamızın lideri Salman Əlizadə sayılırdı. Amma Əlizadə Avropa Oyunlarında uğursuz çıxış edərək, dünya çempionatına vəsiqə qazana bilmədi. Bu səbəbdən Sofiyada təşkil olunan Avropa çempionatına Hüseynov yollandı. İlk dəfə böyüklər arasında qitə çempionatına qatılan boksçumuz bürünc medal qazanmaqla, həm də mundiala vəsiqə əldə etdi.

Qətərdə 49 kq çəki dərəcəsində 25 boksçu gücünü sınayacaq. Qələbəyə əsas namizədlər arasında rusiyalı son Avropa çempionu Vasili Yeqorovun adı çəkilir. Avropa Oyunlarında Rusiya komandasının heyətində Bator Saqaluyev qızıl medala sahib olsa da, baş məşqçi Aleksandr Lebzyak digər idmançıya şans verib. Yeqorovdan başqa, Avropa Oyunlarının bürünc mükafatçısı ukraynalı Dmitri Zamotayev, Avropa Oyunlarında 2-ci yeri tutmuş Brendan İrvin (İrlandiya), özbəkistanlı Həsənboy Dusmatov, Yohanis Argilaqos (Kuba) favorit sayılırlar.

Həmin kateqoriyadan