Boks millimiz kubalı mütəxəssisə tapşırılıb

Boks millimiz kubalı mütəxəssisə tapşırılıb

Kişi boksçulardan ibarət yığmamızda yeni baş məşqçi təyinatı rəsmiləşib. Allsport.az saytı xəbər verir ki, milli kubalı Umberto Orta Dominqezə həvalə edilib. 53 yaşlı mütəxəssislə 1-illik müqavilə imzalanıb. O bu postda Nəriman Abdullayevi əvəzləyib.

Umberto Orta 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub. 1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib.

O, 1984-1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. U. Ortanın ardınca yığma karyerası başlayıb. Kubanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında çalışan mütəxəssis 1992-2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi işləyib. Mütəxəssis bu müddətdə 18 dünya birinciliyi, 1 dünya çempionatı, 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanıb.

London-2012 və Rio-2016 oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında onun rəhbərliyi ilə çalışıblar. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 il burda işlədikdən sonra qonşu ölkədə fəaliyyətini klubda davam etdirib.

Nəriman Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Həmin kateqoriyadan