“Boksçularımız arasında döyüşlərdə iştirak edən və şəhid olanlar var”

“Türkiyənin bizə dəstəyi çox böyükdür. Qardaş ölkəyə minnətdarıq. Bizə bu müddətdə böyük dəstək verdilər, yardım etdilər. Biz də türkiyəli idmançıları sevirik, hamısı qardaşlarımızdır”. Allsport.az saytı xəbər verir ki, bunu boks millimizin böyük məşqçisi Nəriman Abdullayev “Anadolu” agentliyinə açıqlamasında deyib.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bildirən təcrübəli mütəxəssis, ölkəmizə göstərilən yardımı xüsusi vurğulayıb: “Türkiyənin bizə əvvəldən dəstəyi olub və indi də davam edir. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır. Boksçularımız arasında döyüşlərdə iştirak edən və şəhid olanlar da var. Yığmanın üzvləri və məşqçiləri olaraq cəbhəyə getməyə hazırıq”.

O, Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığmanın hazırlığını da dəyərləndirib və Tokio-2020 ilə bağlı hədəfi açıqlayıb: “Məşqlərimiz yaxşı şəkildə keçir. Türkiyəyə 15 idmançı ilə gəlmişik. Bu ilin fevralında da Kastamonuda toplanışda olmuşuq. İnşallah, olimpiadadan medallar gətirəcəyik. Hədəfimiz Avropa olimpiya təsnifatında lisenziyalar qazanmaqdır”.

Həmin kateqoriyadan