Boksçularımız Rusiyadan 4 medalla qayıdırlar

Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Allsport.az xəbər verir ki, komandamız yarışda 1 qızıl və 3 bürünc mükafata layiq görülüb.

52 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fires” klubunun üzvü Məhəmməd İbiyev bütün görüşlərini qələbə ilə başa vurub. Boksçumuz finalda Özbəkistan nümayəndəsi Əzizbek Otajonovu məğlub edərək, 1-ci yerə sahib olub.

“Baku Fires”in daha bir üzvü Rəsul Saliyev yarımfinalda Özbəkistan komandasının lideri Abdullo Kuçkarova uduzaraq, 3-cü yerlə kifayətlənib.

Zaur Abdullayev də (64 kq) Umaxanov turnirindən bürünc medalla dönüb. Boksçumuz iki görüşdə qalib gəlsə də, yarımfinalda rusiyalı Şahabbas Mahmudova uduzub.

91 kq çəki dərəcəsində çıxış edən Heydər Heydərov da beynəlxalq yarışda 3-cü yeri tutub. “Gilan” klubunun üzvü finala gedən yolda qazaxıstanlı Abilxair Turlanbekə məğlub olub.

Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Elnur Məmmədli təmsil edib.

Həmin kateqoriyadan