Boksçularımızdan yalnız 4-ü 1/4 finala adladı

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan milli komandasının 4 üzvü 1/4 final mərhələsinə vəsiqə qazanıb.

54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov danimarkalı Hassan Jallavı məğlub edib – 2:1. Həmyerlimizin növbəti rəqibi almaniyalı Nik Bier olacaq.

Sayad Lalayev də (63 kq) komanda yoldaşının uğurunu təkrar edib. Seçmə komandamızın üzvü İsrail nümayəndəsi Muhammed Əbu Riaşdan üstün olub – 3:0. Boksçumuz növbəti mərhələdə Qazaxıstan təmsilçisi Aibol Jambirbayla üz-üzə gələcək.

81 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev də 1/4 finala yüksəlib. Abdullayev bu dəfə rumıniyalı İonut Bohotiçi üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz növbəti mərhələdə amerikalı Riçard Torreslə görüşəcək.

Bəxtiyar Qazıbəyov (60 kq) məşqçilərin tapşırığını yerinə yetirə bilib. Boksçumuz 1/8 finalda macarıstanlı Mata Lakatoşu mübarizədən kənarlaşdırıb – 3:0. Qazıbəyovun növbəti rəqibi kubalı Edel Akosta Qarsiya olacaq.

Bu gün dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edir.

Həmin kateqoriyadan