Bolqarıstan nazirinin Bakı səfəri

Azərbaycanda səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb.

Allsport.az xəbər verir ki, Bakı su idmanı sarayının mövcud vəziyyəti ilə tanış olan nazir mütəxəssislərlə görüşüb.

Ardından Heydər Əliyev adına idman-konsert kompleksində buz meydançası ilə tanışlıq zamanı oradakı şərait, qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Həmçinin milli gimnastika arenasına da baxış keçirilib.

Dimitar İliev Bakı konqres mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan könüllülərinin VI həmrəylik forumu”na da qonaq olub, könüllülərin mükafatlandırılmasında iştirak edib. O, Bakı Slavyan Universitetində tələbələrlə də görüşüb.

Qonaq son olaraq Bakı gənclər mərkəzinin fəaliyyəti ilə tanış olub. Bolqarıstanın gənclər və idman nazirinə orada fəaliyyət göstərən klublar, infrastruktur imkanları, gənclərin fərdi inkişafı və asudə vaxtının təşkili üçün keçirilən layihələr barədə məlumat verilib.

Həmin kateqoriyadan