“Bu ada layiq görülmək hər bir məşqçinin arzusudur”

Bu gün komanda.az-ın KİV arasında keçirdiyi sorğuda qalib gələn “İlin ən yaxşı məşqçisi” Qurban Qurbanovun mükafatlandırması oldu. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısı tədbirdən sonra jurnalistlərin suallarını cavablandırdı.

– Təəsüratlarım çox gözəldir. Məni ən yaxşı baş məşqçi seçdiyinizə görə hər birinizə təşəkkür edirəm. Bu ada layiq görülmək hər bir məşqçinin arzusudur. Çox sağ olun.

– Ötən ilə nisbətən bu il daha çox rəqabət olması gözlənilirdi. Həm milli komandanın uğurlu çıxışı, həm də “Qəbələ”nin ardıcıl ikinci il Avropa Liqasının qrupuna düşməsi Robert Prosineçki və Roman Qriqorçukun şanslarını artırmışdı. Amma 70 % səslə qalib olduz. Bu sizin üçün sürpriz olmadı?

– Açığı mənim üçün də sürpriz oldu. Əvvəl də qeyd etdiyim kimi, Prosineçkinin bu yerə layiq görürdüm. Robert də seçilsəydi mən razı qalardım.

– Həmişə qeyd edirsiz ki, mən məğlubiyyətlərdən nəsə öyrənirəm. Bu dəfə qrupda qalmaqdan nə öyrəndiz?

– Çox şey öyrəndim. Düşünürəm ki, bunun faydasını gələcəkdə görəcəyəm.

– Qurban Qurbanovun kövrəldiyini iki dəfə görmüşük. Bir dəfə “Qarabağ”la ilk çempionluğunuzu qazananda, bir dəfə də Rəşad Sadıqovun “Slovan”a son dəqiqələrdə vurduğu qoldan sonra. Bəs elə bir anınız olub ki, sevincdən kövrəlmisiz, amma biz görməmişik?

– Çox olub həqiqətən.

– Hansısa oyun olub ki, düşünmüsüz ki, kaş səhv etməzdim?

– Belə oyunlar çox olub. Sonra qərar qəbul etmək artıq gec olur. Dediyim kimi, hər bir məğlubiyyət böyük təcrübə verir. Düşünürəm ki, zaman geçdikcə bunların sayı azalır.

– Qurban Qurbanov üçün “Qarabağ”da ilin futbolçusu kimdi?

– Belə konkret kimisə deyə bilmərəm. Amma ümumi keçdiyi yolları düşünsək, mən Rəşad Sadıqov deyərdim. Çünki, çox fədakarlıq göstərdi. Həm milli komandada, həm də “Qarabağ”da.

Həmin kateqoriyadan