Cənub zonası üzrə Azərbaycan birinciliyi başlayıb

Allsport.az xəbər verir ki, boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi üçün təşkil olunan ilk yarış Astara olimpiya idman kompleksində keçirilir.

Cənub zonası üzrə baş tutan birinciliyə Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, İmişli və Beyləqan komandaları qatılıblar.

100-dək boksçu 17 çəki dərəcəsində qalibi müəyyənləşdirəcək.

Yarışın açılış mərasimində çıxış edən ABF-nin idarə heyətinin üzvü Rövşən Hüseynov boksçuları salamlayıb və onlara uğurlar arzulayıb. O bildirib ki, cənub zonası üzrə birincilikdə ilk 3 yeri tutacaq idmançılar ölkə birinciliyində iştirak hüququ qazanacaq.

Ardınca Azərbaycan dövlət himni səsləndirilib və döyüşlərə start verilib. Birincilik aprelin 28-də başa çatacaq.

Zona birincilikləri 6 regionda keçiriləcək. Növbəti yarışlar Şimal, Qərb, Bakı, Sumqayıt və Naxçıvan zonaları üzrə olacaq. Paytaxt birinciliyində hər çəki dərəcəsində ən güclü 4, Cənub, Şimal, Qərb zonalarında 3, Sumqayıt birinciliyində 2, Naxçıvan zonasında 1 boksçu Azərbaycan birinciliyinə vəsiqə qazanacaq.

Həmin kateqoriyadan