“CBC Sport” izləyicilərə saxta hesablama bilgilər yayır

Premyer liqanın yayım hüququna malik “CBC Sport”la çempionatın iştirakçısı “Qarabağ”ın yaydığı informasiyalar arasında uyğunsuzluq yaranıb. Allsport.az saytı xəbər verir ki, həmin olya Ağdam klubunun 18-ci turda səfərdə “Sumqayıt”la qarşılaşdığı matçın statistik göstəricilərinin təqdimi zamanı baş verib. “CBC Sport” bir, “Qarabağ” tamam fərqli rəqəmlər açıqlayıb.
Kanalın matçdan dərhal sonra efirə verilən statistikasında Ağdam klubunun topla 55 faiz oynadığı qeyd olunubsa, “Qarabağ”ın rəsmi sosial şəbəkə hesabındakı paylaşımında həmin göstərici 72 faiz olaraq təqdim edilib. Bundan başqa, klub qapıya 12 zərbənin vurulduğunu qeyd edib, “CBC Sport”a görə isə bu say 8 olub.

Belə uyğunsuzluğun səbəbini araşdırmaq üçün əvvəlcə “Qarabağ”dan maraqlandıq. Bildirdilər ki, klub “İnstat Football” ilə əməkdaşlıq edir və təqdim edilən statistika bu şirkətin datalarına əsaslanır. Avropanın nəhəng klubların da əməkdaşlıq etdiyi “İnstat” bu sahədə ən tanınanıdı və verdiyi informasiyada yanlışlıq olma ehtimalı çox aşağıdır. Belədə, səhvin “CBC Sport”dan qaynaqlanma fikri artıb.

Məsələyə münasibət öyrənmək üçün, futbolpress.az kanalın baş direktoru Volkan Üstlə əlaqə saxlayıb. O, heç zaman telefonla açıqlama vermədiyini bildirib və sualı cavablandırmayıb. Az sonra “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov bu saytla əlaqə saxlayıb. O, yaranan uyğunsuzluğu belə izah etib: “Bizdə statistikanı öz əməkdaşımız hazırlayır. Belə olan halda hansısa qapıya zərbə və yaxud digər detal nəzərdən qaça bilər. “Qarabağ”da da bunu hazırlayan bizim həmkarlarımızdan biridi.  Eynilə, onun da nəzərindən hansısa məqamın yayınması mümkündü. Bunlar hamısı orta hesablanan rəqəmlərdi. Burda hər hansı kompüter texnologiyasından istifadə edilmir, insan faktorudu. Bu halda cüzi səhvlər ola bilər”.

“Qarabağ”ın statistikanı hansı mənbədən götürdüyünü bildirdiyimizdə isə həmkarımız bunu deyib: “Yenə səhv olma ehtimalı var. Biz “İnstat”la da işləmişdik. Onda da görürdük ki, yanlışlıqlar baş verir. “İnstat” göstərici sayıla bilməz. Çünki bir oyunda 22 nəfərin statistikasını aparırlar, belədə səhvlərin olması etimalı da artır. Elə klublarımız var ki, onlarla işləməkdən imtina ediblər”.

İstənilən halda, ixtisaslaşmış statistika şirkətinin təqdim etdiyi ilə kanalın bir əməkdaşının ortaya qoyduğu rəqəmlərin dəqiqliyinin müqayisəsi belə gülünc olar. Görünür, Türkiyə super liqasının yayımı məsələsində geniş icimaiyyətə verdiyi vədə əməl etməyən “sürprizlər kanalı” indi öz çempionatımızla bağlı qeyri-peşəkarlığa yol verir, yanlış rəqəmlərlə izləyiciləri aldadır. Hələ bu, təkcə bir matçla bağlı iki göstəricinin müqayisəsi zamanı ortaya çıxan faktlardır…

Həmin kateqoriyadan