Dario Frederiko: Gəncədə hər 3 matçı udmaq istəyirik

“Son uğursuzluqları nəzərə almaqla daha yaxşı oynamağa çalışırıq, xarakter göstəririk. Futbolçular olaraq bütün gücümüzü ortaya qoyaraq əzmkarlıq, mübariz keyfiyyətlər hesabına nəticə əldə etmək istəyirik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Kəpəz”in üzvü Dario Frederiko deyib. Braziliyalı futbolçu kapazpfc.az saytına açıqlamasında nəticələri yaxşılaşdırmağa çalışacaqlarını bildirib:

“Son iki oyunda əldə etdiyimiz xallar bizim üçün çox vacib idi, bu xallar qarşıdakı görüşlərə motivasiya verəcək. Matçdan-matça daha yaxşı oynamağa çalışır, əvvəlki nəticələri unutdurmaq istəyirik. Çempionatın ikinci hissəsinə yaxşı başlamadıq, ardıcıl məğlubiyyətlər oldu. Bu üzdən premyer liqada keçirəcəyimiz növbəti oyunlara daha ciddi, məsuliyyətli yanaşırıq”.

“Kəpəz”in mart ayında çempionatda keçirəcəyi hər 3 oyunu Gəncədə baş tutacaq. “Sarı-göylər” ardıcıllıqla AzAL, “Zirə” və “Sumqayıt” ilə qarşılaşacaq: “Yaxın zamanda Gəncədə keçirəcəyimiz hər 3 matçda maksimum nəticəyə ümid edirik. “Qəbələ” ilə görüşdə göstərdiyimiz futbolu qarşıdakı oyunlarda da nümayiş etdirməliyik. Var gücümüzü meydanda qoyub belə davam etsək, inanıram ki, yaxşı nəticələr, qələbələr qazanacağıq. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün evdə keçirəcəyimiz ardıcıl oyunlarda bizi yalnız qələbə qane edir. Bu, bizə məqsədimizə yetişmək yolunda tramplin rolunu oynayacaq”.

 

Həmin kateqoriyadan