Dörd boksçumuzdan uğurlu start

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Allsport.az xəbər verir ki, yarışda milli komandamızın 7 üzvü də çıxış edir.

Turnirin ilk günündə rinqə çıxan 5 boksçüumuzdan yalnız Rüfət Hüseynov (49 kq) uduzub. Həmyerlimiz Böyük Britaniya təmsilçisi Yafali Galala 0:3 hesabı ilə məğlub olub.

Rio Olimpiadasına lisenziya qazanan Albert Səlimov (60 kq) Türkiyə boksçusu Hakan Doğanı mübarizədən kənarlaşdırıb – 3:0. Səlimov növbəti mərhələdə Avropa Oyunlarında məğlub etdiyi fransalı Sofian Oumiha ilə üz-üzə gələcək.

75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı da növbəti mərhələyə yüksəlib. Millimizin üzvü mauritiuslu Kleir Mervendən üstün olub – 3:0. Həmyerlimiz növbəti mərhələdə norveçli Martin Larsenlə döyüşəcək.

Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev (56 kq) ilk görüşdə Mərakeşi təmsil edən Mumammed Hamout üzərində qələbə qazanıb – 2:1. Boksçumuzun növbəti rəqibi iordaniyalı Muhammed Alşadi olacaq.

Millimizin Kuba əsilli boksçusu Lorenzo Sotomayor (64 kq) da Debretsendə ilk görüşünü qələbə ilə başa vurub. Avropa oyunlarının qalibi çexiyalı Erik Aqateljandan güclü olub – 3:0. Sotomayoru növbəti mərhələdə Böyük Britaniya təmsilçisi Prise Elfi gözləyir.

Həmin kateqoriyadan