Elxan Məmmədov, sən bunu necə qıydın?!

AFFA-da Futbol Tarixi və Statistika muzeyi 10 yaşı tamam olmadan tarixin yaddaşına qovuşub. Allsport.az saytı xəbər verir ki, icraiyyə komitəsinin 29 yanvar 2008-ci il tarixli qərarına əsasən, yaradılan muzey artıq mövcud deyil.
Abbas Əzimovun direktoru olduğu muzey onun qurumla vidalaşması ilə ləğv edilib. Veteran həmkarımızın ağır xəstəlik üzündən işdən ayrıldıqdan sonra, rəhbərlik etdiyi muzey də lazımsız bilinib. AFFA-nın inzibati binasının 1-ci mərtəbəsində yerləşən guşənin nadir eksponatları anbara daşınıb, həmin yer isə Uşaq futbolu departamentinə verilib.
Əslində, ölkə futbolunun tarixini özündə əks etdirən muzeyin yaradılması ideyasına rəhbərlik əvvəlcədən soyuq münasibət göstərirdi. Bir növ ictimai qınağa görə bu addıma məcbur olan qurum, statistikin səhhətinin pisləşməsi ilə ələ düşən fürsəti dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, futbol akademiyasından idarəsi AFFA-nın iqamətgahına köçürülən Uşaq futbolu departamentinə baş katib Elxan Məmmədovun dostu olan Yusif Vəliyev rəhbərlik edir. Vaxtilə elə bu qurumda sıravi işçi olan, sonradan gözlənilmədən ölkə futbolunun ən problemli və vacib postuna təyin edilən Yusif bəyin qiyməti deyəsən, Azərbaycan futbolunun tarixindən daha önəmlidir. Elə olmasaydı, baş katib dostunu daha yaxşı şəraitlə təmin etmək üçün muzeyi bağlatdırmaq qərarı verməzdi.

Həmin kateqoriyadan