Elxan Məmmədovla Ramin Musayev stadionlarda siqaret qadağası ilə bağlı nə deyib?

“Qanun hamı üçündür. Çempionatın ikinci dövrəsi başlayanda stadionlarda bu barədə elan veriləcək. Fasilədə isə yeni qanunla bağlı təbliğat aparılacaq”. Allsport.az saytı xəbər verir ki, bu sözü qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti deyib. Qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanun idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalara və obyektlərə, habelə onların ərazilərinə də şamil edilir. Qanunun qüvvəyə minməsinə münasibət bildirən Ramin Musayev, bundan sonra stadionlarda siqaret çəkilməməsi üçün nəzarət olacağını istisna etməyib. Amma onun sözlərinə görə, bunu PFL yox, dövlət edəcək:

“Dövlətimiz hər şeyə nəzarət edir. Açığı, biz hansısa nəzarət mexanizmi yaratmaq üçün yeni işçilər cəlb etməliyik. Hazırda isə maddi durumumuz buna imkan vermir. Amma bu o demək deyil ki, nəzarət olmayacaq. Stadionda mühafizəçilər, polislər olur. Onlar bu məsələyə də nəzarət edəcəklər”.

AFFA-nın baş katibi Elxan Məmmədov da məsələ ilə bağlı fikirlərini bölüşüb. O, hətta buna görə UEFA-dan öhdəlik aldıqlarını bildirib: “İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını biz də alqışlayırıq. Təbii ki, kütləvi idman tədbirlərində bu prosesə nəzarət etmək bir qədər çətindir. Hər bir şəxs həm qanun, həm də ətrafında olan şəxslər qarşısında məsuliyyətini dərk etməli, müvafiq qaydalardan kənara çıxmamalıdı.

Bakıda 2019-cu ildə Avropa Liqasının final oyunu, 2020-ci ildə Avropa çempionatının 4 qarşılaşması təşkil olunacaq. Həmin oyunlar zamanı stadionlarda siqaret çəkilməməsi barədə AFFA UEFA-nın qarşısında öhdəlik götürüb. Bununla əlaqədar, AFFA-nın təşkil edəcəyi oyunlar zamanı könüllülərin xidmətindən geniş istifadə olunacaq”.

Baş katib iritutumlu stadionlarda, azarkeşlərin çox olduğu yerlərdə məlum qadağanın tətbiqinə nəzarətin heç də asan olmadığını söyləyib: “Qeyd etdiyim kimi, 50-60 min azarkeşin iştirak etdiyi kütləvi tədbirlərdə bu prosesin tam olaraq nəzarətdə saxlanılması asan deyil. Burada təkcə qadağanın tətbiqinə nəzarətlə yanaşı, fərdi məsuliyyət də rol oynayır. AFFA stadionlarda siqaret çəkilməməsi ilə bağlı prosesə xeyli müddətdir start verib. Millinin oyunlarında, Bakıda təşkil olunmuş dünya və Avropa çempionatları qarşılaşmalarında bununla bağlı ilkin işlər görülüb. Prosesi yenə də davam etdirəcəyik”.

Həmin kateqoriyadan