Fərid Qayıbov YUNESKO-nun komitə sədri seçilib

Mayın 24-də YUNESKO-nun baş qərargahında bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitənin fövqəladə iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantının keçirilməsində əsas məqsəd Komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. Qəbul olunmuş qərara əsasən, Komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venesuela, Şri-Lanka, Madaqaskar və Qətər komitənin büro üzvləri seçiliblər. Sonra isə Komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Yekdilliklə qəbul olunmuş qərara əsasən, Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov YUNESKO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası Komitəsinin sədri seçilib.

İclas zamanı Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək, bütün komitə üzvlərinə verdikləri dəstəyə görə Azərbaycan hökuməti adından təşəkkürünü bildirib, Azərbaycanın sədrliyi müddətində komitənin işinin daha da effektiv həyata keçirilməsi istiqamətində bütün Komitə üzvləri ilə sıx əməkdaşlıq edəcəyini qeyd edib.  

Qeyd etmək istərdik ki, sözügedən komitə, bütün dünyada bədən tərbiyəsi və idman sahəsinə aid siyasət və proqramların üzv ölkələri arasında effektiv həyata keçirilməsini təşviq edən YUNESKO-nun yeganə komitəsidir.

Həmin kateqoriyadan