TƏHLİL
Fərqli, məhdud lisenziyalı mundialdan böyük gözləntilər

Oktyabrın 5-dən 15-dək Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı keçiriləcək. 73 ölkədən 260 idmançının iştirak edəcəyi Rio de Janeyro yay Olimpiya Oyunlarına lisenziya xarakterli mundial rəqəmlərdən göründüyü kimi, əvvəlkilərə nisbətdə bir qədər fərqlidir. Belə ki, bu dünya çempionatında iştirak üçün əvvəlki yarışlarda lisenziya qazanmaq tələb olunurdu. “Köhnə qitə”dən Avropa Oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilən qitə çempionatında isə 1-6-cı yerləri tutan boksçular ilin zirvə yarışına vəsiqə qazanıblar.

Azərbaycan yığması Qətərdə 8 nəfərlik heyətlə təmsil olunacaq (75 kq-da Haybulla Musalovun çıxış etməyəcəyi əvvəlcədən məlum idisə, +91 çəki dərəcəsində Məhəmmədrəsul Məcidov zədə səbəbindən son anda Dohaya yola düşə bilmədi). Beləliklə, mötəbər turnirdə ölkəmizin şərəfini 49, 52, 56, 60, 64, 69, 81 və 91 kiloqram çəki dərəcələrində müvafiq olaraq Rüfət Hüseynov, Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Lorenzo Sotomayor, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayev qoruyacaq.

49, 52 və 81 kiloqramda 1-ci və 2-ci, 56, 60, 64, 69, 75-də 1-3-cü yerləri tutan idmançılar, 91 və 91+ çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar.

***

49 kiloqram çəki dərəcəsində 25 boksçu gücünü sınayacaq. Avropa çempionatının bürünc medalını qazanmaqla mundialda iştirak hüququ qazanan Rüfət Hüseynovu rusiyalı son Avropa çempionu Vasili Yeqorov, Avropa Oyunlarının bürünc mükafatçısı ukraynalı Dmitri Zamotayev, Hindistan təmsilçisi Devendro Sing, irlandiyalı Brendan İrvin və özbəkistanlı Həsənboy Dusmatov kimi təcrübəli rəqiblər gözləyir. Buna baxmayaraq, Yeniyetmələrin yay Olimpiya Oyunlarının qalibi olmuş gənc boksçumuzun onlarla başabaş mübarizə apararaq, mükafatçılar sırasına düşəcəyi istisna deyil.

***

52 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək Elvin Məmişzadə ili major notlarla başa vura bilər. Avropa Oyunlarının qalibi bunun üçün ən azından lisenziyanı təmin etməlidir. 24 yaşlı təmsilçimizin əsas rəqibləri kubalı dünya üçüncüsü Yosbani Veita və “Bakı-2015”-in final görüşündə məğlub etdiyi italiyalı Vinçenzo Pikkardi olacaq.
Bundan öncə iki mundialda iştirak edən Elvin üçün Dohada qazanacağı hər hansı medal ilk olacaq.
Qeyd edək ki, bu çəkidə iştirakçılar arasında Rusiya boksçusu yoxdur.(52 kiloqramda son dünya çempionu bu ölkənin təmsilçisi Mişa Aloyandır)
***
Tayfur Əliyev ən azından Avropa Oyunlarında qazandığı nəticəni təkrarlamaq niyyətindədir. 18 yaşlı boksçumuza əsas rəqib olaraq ötən mundialın bürünc mükafatçısı(*yarımfinal görüşündə dünya çempionumuz Cavid Çələbiyevə yenilmişdi) Kayrat Yeraliyevi, Avropa Oyunlarının ikincisi Dmitri Asanaunu, London Olimpiadasının bürünc mükafatçısı, builki Avropa çempionatının qalibi, irlandiyalı Mikael Konlanı və “Bakı-2015”-in yarımfinal görüşündə məğlub olduğu rus Baxtovar Nazirovu göstərmək olar.
Əliyev üçün bu yarışda nəticə qazanmaq ikiqat əhəmiyyətlidir. Onun çəkisində Çələbiyevin də yer aldığını nəzərə alsaq, uğursuzluq heyətdə yerini itirməsi bahasına başa gələ bilər.
***
Dünya və ikiqat Avropa çempionu (Rusiya yığmasının heyətində), “Bakı 2015″in qalibi Albert Səlimov 60 kiloqram çəki dərəcəsinin əsas favoritlərindəndir. 29 yaşlı təcrübəli boksçumuzun dünya çempionatında minimum mükafatçılar sırasına düşəcəyini proqnozlaşdırmaq olar.
Hərçənd, məşhur əlcək ustamızın rəqibləri də kifayət qədər güclüdür. Belə ki, onu kubalı ikiqat dünya çempionu Lazaro Alvarez, mundialın beşqat mükafatçısı, 31 yaşlı təcrübəli İtaliya təmsilçisi Domeniko Valentino və Almatıda keçirilən analoji turnirin gümüş mükafatçısı braziliyalı Robson Konseysao gözləyir.
Qeyd edək ki, Səlimov Rio de Janeyro yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Bir maraqlı məqamı də nəzərinizə çatdıraq ki, bu çəkinin şəksiz favoriti olan ikiqat olimpiya çempionu Vasili Lomaçenko artıq peşəkarlar arasında vuruşmağa başladığından həvəskar turnirlərdə çıxışını dayandırıb.
***
Kuba əsilli təmsilçimiz Lorenzo Sotomayorun Avropa Oyunlarında göstərdiyi yüksək səviyyəli çıxış dünya çempionatında uğurlu nəticə əldə edəcəyini gözlənilən edir. 30 yaşlı təcrübəli boksçumuza medal və çempionluq yolunda həmyerlisi, ikiqat vitse-dünya çempionu Yasniel Toledo, son Avropa çempionu, rus Dunaytsev, olimpiya və Avropa mükafatçısı, litvalı Petrauskas və italiyalı Vinçenzo Mangiakapreni ciddi rəqib kimi göstərmək olar.
Bu çəkidə son dünya çempionu qazaxıstanlı Merey Akşalovun adı isə ümumiyyətlə iştirakçılar sırasında yoxdur.
***

Bu, gənc Pərviz Bağırovun karyerasında ikinci dünya çempionatıdır. “Bakı 2015″də ulduzu parlayan gənc boksçumuzun çəki dərəcəsi keçən mundialdan daha gərgin rəqabət vəd edir. 27 nəfərin mübarizəsində təmsilçimizə olimpiya və dünya çempionu Roniel İqlesias və son dünya çempionu Daniyar Yeluissinovla yanaşı, ukraynalı Samofalov və avqustda Samokovda keçirilən Avropa çempionatının qalibi, Litva boksçusu Stanionisi də təhlükəli rəqib kimi qələmə vermək olar.

***

Yığmamızın liderlərindən olan Teymur Məmmədov üçüncü mundial mübarizəsinə çıxacaq. Bundan öncə iki dəfə mükafatçılar sırasına düşən(2011-ci ildə ikinci, iki il sonra isə üçüncü olub) olimpiya üçüncümüz üçün bu dünya çempionatı yeni çəki dərəcəsində iştirakla əlamətdar olacaq. Maraqlısı budur ki, o, adət etdiyimiz kimi daha yuxarı deyil, aşağı çəkidə mübarizə aparacaq. Avropa Oyunlarında 81 kiloqramda debüt edərək qızıl medal qazanan Məmmədov 27 nəfərin çıxış edəcəyi çəkinin reytinq favoritlərindən hesab olunur. Ona ciddi rəqib olaraq yalnız son iki dünya çempionatının qalibi Xulio Sezar La Kruzla (Kuba), vitse-olimpiya və dünya çempionu, qazaxıstanlı Adilbek Niyazimbetovu göstərmək olar.

***

Abdulqadir Abdullayev ilk dəfə olaraq dünya çempionatında iştirak edəcək. Avropa Oyunlarında ümidləri artıqlamasıyla doğruldaraq qızıl medal qazanan dağıstanlı legioner Olimpiadaya lisenziyanı təmin etmək üçün yalnız birinci olmalıdır. Onun buna nə dərəcədə nail olacağı böyük maraq doğurur. Aleksandr Usik və Klemente Russosuz keçəcək mübarizədə təmsilçimizlə birlikdə favorit olaraq rusiyalı dünya ikincisi və Avropa çempionu Yevgeni Tişenko, Belarus təmsilçisi, Teymur Məmmədovla görüşlərdən yaxşı tanıdığımız Sergey Karneyu və son dünya çempionatının bürünc mükafatçısı, argentinalı Alberto Peralta ilə kubalı Erislandi Savonun adlarını çəkmək olar.

***

Qeyd edək ki, boksçularımız son iki mundialda ilk üçlüyü qapayıb. Yığma 2011-ci ildə paytaxtımızda keçirilən lisenziya xarakterli turnirdə 1 qızıl və 1 gümüş medalla Kuba və Ukraynanı önə buraxıb. 2013-cü ildə isə medalların say və əyyarını daha da artıran (2 qızıl, 1 bürünc) millimiz ev sahibi Qazaxıstan və “Azadlıq adası” təmsilçilərindən geri qalıb.

Sahib ƏSƏDBƏYLİ (adalet.az)

Həmin kateqoriyadan