Fariz Məmmədov: “Buna nail olana qədər mübarizəmi davam etdirəcəyəm”

Azərbaycanı və “Qəbələ” İdman Klubunu (İK) peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti sınağına hazırlaşır. Allsport.az xəbər verir ki, 35 yaşlı idmançımız Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyada Azərbaycan diasporunun dəstəyi ilə mayın 2-də Almaniyada təşkil olunacaq möhtəşəm boks gecəsində iştirak edəcək. Bu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş yarış olacaq.

Fariz növbəti döyüş öncəsi bu gün media üçün açıq məşq keçirib. Məmmədov “Qafqaz Park” otelinin idman zalında təşkil olunan açıq məşqdən sonra jurnalistlərin suallarını cavablandırıb. İlk olaraq media nümayəndələrini salamlayan boskçumuz təşkilatçılar tərəfindən aldığı şəxsi dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib:

“Peşəkar boks daha çox maddiyyatla bağlıdır. Ancaq mənim bu yarışda heç bir maddi marağım yoxdur. Yarış ümummilli lider Heydər Əliyevin adına keçirildiyinə görə böyük məmnuniyyətlə razılıq verdim. Boks gecəsində 10-a yaxın döyüş olacaq. Mən reytinq xarakterli 10 raundluq döyüş keçirəcəyəm. Avropa çempionu olduğuma görə aşağı reytinqdə olan boksçularla döyüşməyə haqqım yoxdur. Avropa Boks Assosiasiyası da buna icazə vermir. Əks halda bütün zəhmətim boşa gedir. Özüm də zəiflərlə döyüşməyin tərəfdarı deyiləm. Çünki əsl idmançı nəticədən asılı olmayaraq məhz güclülərlə döyüşməlidir”.

Rəqibi haqda məlumat verən Fariz belaruslu Andrey Abramenko ilə döyüşəcəyini bildirib: “O, əskər döyüşlərini Avropada, Almaniyada keçirib. Andreyin indiyədək çıxdığı 29 döyüşdə 20 qələbəsi, 2 heç-heçəsi, 7 məğlubiyyəti var. Onu deyim ki, rəqibim Aleksandr Abramenkonun kiçik qardaşıdır. Aleksandrı isə 2013-cü ildə Xarkovda 3-cü raundda nokaut etmişəm. Açığı, çox həyəcanlıyam. Ulu öndərimizin adını daşıyan bir yarışdır. Bütün Azərbaycan diasporu, səfirliyin nümayəndələri orada olacaq. Rəqibim güclüdür və bu, məni həvəsləndirir. Öz klubumu, dövlətimi layiqincə təmsil etməyə çalışacağam”.

Daha sonra hazırlığı haqda danışan Məmmədov Azərbaycanın həvəskarlardan ibarət boks yığmasının bütün təlim-məşq toplanışlarında iştirak etdiyini söyləyib. O, kubalı mütəxəssislər – yığmanın baş məşqçisi Pedro Rokki ilə “Qəbələ” İK-nın boks bölməsinin baş məşqçisi Lorenzo Himenesin rəhbərliyi altında hazırlıq keçib: “Ümumi fiziki hazırlığı 2 həftə Qəbələdə keçdim. Daha sonra 2 həftəlik bərpa hazırlığım Ukraynada, Truskovetskə oldu. Qalan 7-8 həftəni Bakıda məşq keçdim. Artıq 12 həftəlik hazırlığımızın yekunudur. Dünən sonuncu böyük həcmli məşqimi, sparrinqi keçirdim. Açıq məşqdə təngnəfəsliyimin səbəbi 10-12 raundluq məşqdən sonra hələ bərpa olunmamağımdır. Ancaq siz jurnalistləri görüb daha da həvəsləndim və məşqçilərim də bu gün gözəl hazırlıq keçdiyimi qeyd etdilər. Yorğun olsam da, istədiyim nəticəni əldə edə bildim, maksimal çalışdım. Sabah son məşqimdir, bundan sonra bərpa proseslərim olacaq. Gələn həftənin əvvəli isə Almaniyaya yola düşürəm. Mətbuat konfransı, çəkiölçmə mərasimi orada olacaq”.

Farizin sözlərinə görə, taktika döyüşün 10 raunda kimi davam etməsi olacaq. Boskçu çox döyüşmək istədiyini, son vaxtlar görüşlərinin tez bitdiyini söyləyib: “Düzdür, belə məqsəd qoymuram ki, ilk raundlarda qalib gəlim. Sadəcə, nokaut imkanı düşəndə, bundan istifadə edirəm. Azərbaycanda bəxtim gətirmir. İnşallah, hesab edirəm ki, gələcəkdə gətirəcək. Vətənimdə də özümü çox rahat hiss edirəm. Sadəcə, zədələrim üzündən özümü istənilən kimi göstərə bilmədim. Ölkədən kənara çıxanda qarşımda böyük maneə durur və hər dəfə məqsədim bunu keçməkdir. Bilirəm ki, Andrey qardaşının qisasını almaq istəyəcək. Onun çox istəkli olması məni həyəcanlandırır. Bunun olmağı özü böyük uğurdur. Həyəcanlı olmaq döyüşə daha ciddi yanaşmaq deməkdir. Əslində, Andreylə döyüşmək istəməzdim. Çünki böyük qardaşını məğlub etmişəm. Ancaq rəqibi mən yox, promoutorlar, Avropa Boks Assosiasiyası təyin edir. Biz idmançıyıq, rinqlərin əsgəriyik. Deyilənlərə əməl etməliyik”.

Andreyin qardaşı Aleksandr Olimpiya Oyunlarının iştirakıçısıdr. O, 2004-cü ildə Afina Olimpiadasında 71 kq çəkidə boskçumuz Cavid Tağıyevə qalib gəlib: “Bu döyüşü gənc yaşlarımda canlı izləmişdim. Bilirəm ki, Abramenkoların həvəskar, peşəkar boksda böyük təcrübələri var, ürəkləri, nəfəsləri güclüdür. Andrey texnikalı boksçudur, rəqibi nokauta salmağa çalışan döyüşçü deyil. Mənim isə yeganə zəif cəhətim nəfəsimin istənilən kimi olmamasıdır. Bu da 7 illik fasilədən irəli gəlir. Ancaq hər bir şey artıq yerini tutur. Hesab edirəm ki, bu il istəyimə catacağam. Məğlubiyyət barəsində heç vaxt fikirləşmirəm. Fikirləşirsənsə, deməli, 90 faiz uduzmusan. Biz boksçular qladiatoruq. Həyatda qalmaq üçün döyüşmək, mütləq qalib olmaq lazımdır. Mən “bəxtim gətirəcək, uğurlu olacaq” kimi sözlərə inanmıram. Yalnız güclülərin bəxti gətirir. Dediyini əməldə təsdiqləməlisən. Yalnız bu halda çempion ola bilərsən”.

Yanvar ayından bu yana hazırlıq keçdiyinə görə yorğun olduğunu gizlətməyən Fariz gələcək planları haqda da məlumat verib: “Avropa çempionu titulumdan imtina etməliyəm ki, əsl dünya çempionluğu uğrunda vuruşum. Qarşıda əsas hədəf budur. Mətbuatdan oxudum ki, WBO-nun versiyasında ilk 15-likdə olan yeganə azərbaycanlı boksçuyam, 8-ci yerdəydim. Avropa çempionu titulu uğrunda vuruşmadığıma görə istər-istəməz dünya reytinqində geriləyirəm. İnşallah, Andreyə qalib gəlsəm, müəyyən qədər irəliyəcəyəm. Dünya çempionu titulu uğrunda dünya reytinqində ilk yerdə olan boksçular və dünya çempionları döyüşürlər. Avropa çempionu titulundan imtina edəcəyəm. Dünya çempionluğu uğrunda ya Amerikaya yollanacağam, ya da bu döyüşün Azərbaycanda keçirilməsinə çalışacağam. Bu, tarixi döyüş olacaq. 2004-cü ildə qitələrarası çempionluq uğrunda vuruşmuşam. İnsi isə mütləq dünya çempionluğu uğrunda Azərbaycanda döyüşmək istəyirəm. Nə qədər istəyimə nail olmamışam, mübarizəmi davam etdirəcəyəm”.

Məmmədov Avropa çempionu titulu uğrunda qalib gəldiyi Matias Pelkin ona revanş döyüşü keçirməyi təklif etmədiyini deyib. O, almaniyalı boksçudan bu təklifi gözləyir: “Pelkin mənimlə döyüşdən sonra boksdan uzaqlaşmaq istədiyini eşitmişdim. O, həqiqətən güclü, təcrübəli boksçudur, qüvvətli zərbələri var. Bir neçə versiyalar üzrə mütləq Avropa çempionudur. Matias revanş istəsə, onunla çox böyük məmniniyyətlə, özü də Azərbaycanda döyüşərəm. Bilirəm ki, Pelk də həmin boks gecəsində yer alacaq, 12 raundluq döyüş keçirəcək. Onun qələbə qazanmasını arzulayıram. Bunun olması mənim üçün də xeyirdir. Pelkdən onun vətənində sürpriz gözləyirəm. Bu isə odur ki, Almaniya mediası, ictimaiyyəti qarşısında rinqdə məni revanşa dəvət etsin. Matiasa ona görə dəvət etmirəm ki, o, mənim üçün maraqsızdır. Çünki ondan güclü olduğumu bilirəm. Pelk mənə Qəbələdə qalib gəlmədi, sadəcə, zədə üzündən döyüşü dayandırdım. O isə Almaniyada mənim qarşımda cəmi 4 raund tab gətirdi”.

Həmin kateqoriyadan