Fariz Məmmədov: Ukraynada hazırlığımız səmərəli keçib

“Qəbələ” İdman Klubunun boks komandası Ukraynanın Krivoy Roq şəhərində keçirdiyi təlim-məşq toplanışını yerli KB-75 klubu ilə beynəlxalq yoldaşlıq matçı ilə yekunlaşdırıb. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov öz fikrini gabalafc.az-a açıqlayıb:

“On günlük toplanışda 2-3 dəfə sparrinqlər keçirdik. Xüsusi hazırlıq üzrə məşq etdik. Çünki bizi KB-75-lə qarşılaşma gözləyirdi. Hazırlıqda “Qəbələ”nin baş məşqçisi Ramiz Mirkamalov da, KB-75-in çalışdırıcısı Sergey Krinitski də 7 boksçusu ilə birgə iştirak edirdi. Çox gözəl təlim-məşq toplanışı keçdi. Bunun üçün çox yaxşı şərait yaradılmışdı”.

Nümayəndə heyətinin rəhbəri toplanış və yoldaşlıq görüşünün necə gerçəkləşməsindən də danışıb: “Krivoy Roq şəhərinin boks federasiyasının prezidenti Vladislav Binder mənə müraciət etdi. Onlar artıq “Qəbələ” İdman Klubu haqda geniş məlumata malik idi. Bunda boks üzrə Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski və  “Qəbələ”də əsas idman növü olan futbol üzrə komandanın çalışdırıcı Roman Qriqorçukun ukraynalı olmasının da rolu var.

Rio-2016-da Azərbaycana medal qazandıran hər iki boksçunun da “Qəbələ”ni təmsil etdiyini bilən ukraynalılar klubumuza 10 günlük toplanış və ardınca beynəlxalq yoldaşlıq oyunu keçirməklə bağlı rəsmi dəvət göndərdilər. Klubumuz da bu dəvəti razılıqla qəbul etdi. Çünki “Qəbələ”də gənc boksçular var. Onların gələcəkdə Azərbaycanı yaxşı təmsil etməsi üçün təcrübə, əcnəbi idmançılarla məşq keçməsi lazımdır”.

Həmin kateqoriyadan