“Futbolçularımın titul sayını artırmalarını istəyirəm”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Araz-Naxçıvan” matçından (3:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşma barədə fikrini açıqlayıb:

“İlk növbədə futbolçularımı təbrik edirəm. Düzdür, bir az gərginlik, yorğunluq var idi. Rəqib də çox ağıllı müdafiə olunur və təhlükəli əks-hücumlar edirdi. Birinci hissədə onların bir neçə qol vəziyyətləri də oldu. Topsuz oyunçularımıza çox yaxşı təzyiq edirdilər. Buna görə də ilk yarıda top itkilərimiz çox oldu. Buna baxmayaraq, komandamız sona kimi təmkinli oyun keçirdi və rəqibin səhvə yol verməsini gözlədi. İkinci hissədə də bundan istifadə edə bildik. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm”.

Baş məşqçi finalda gərgin rəqabətlə üzləşəcəklərini söyləyib: “Rəqibin kimliyindən asılı olmayaraq, finalda önümüzdə qələbə üçün alışıb-yanan komanda olacaq. Çünki həm “Neftçi”, həm də “Sabah”ın böyük ehtimalla avrokuboklara vəsiqə üçün imkanı kuboku qazanmaqdan keçir. Bu səbəbdən bizi çox ağır final gözləyəcək. Həlledici matça hazırlaşmaq üçün hələ vaxt var. Təbii ki, zəhmət çəkib finala kimi irəliləmişiksə, biz də kuboku qazanmağa çalışacağıq. Futbolçularımın titul sayını artırmalarını istəyirəm”.

Həmin kateqoriyadan