Futbolçumuzun feyr-pley hərəkəti Türkiyədə böyük əks-səda doğurub

Qadın futbolu üzrə Türkiyə 1-ci liqasının “Kirəçburnu” – “1207 Antalya Döşəməaltı Bələdiyyəspor” matçında azərbaycanlı futbolçu Aysun Əliyevanın örnək davranışı qardaş ölkədə böyük əks-sədaya səbəb olub. Allsport.az xəbər verir ki, oyunun gedişində meydan sahiblərinin nigeriyalı futbolçusu İjeoma Daniels ağır zədə alaraq meydanı tərk etmək məcburiyyətində qalıb. Amma o, ağrı səbəbindən meydanı özü tərk edə bilməyib. Bunu görən azərbaycanlı futbolçu dərhal özündən ağır olan rəqibini kürəyinə alaraq, lazım olan yerə qədər aparıb.

Futbol meydanlarında elə də çox rast gəlinməyən bu anı qarşılaşmanı izləyən Firidun Gömləksiz adlı fotoqraf çəkərək sosial şəbəkədə yerləşdirib və Aysunun davranışına dair bunları qeyd edib: “Çox duyğulandım. Kaş kişi futbolunda da belə ola, matçlar dostca və qardaşca keçə”. Məhz onun bu paylaşımı idmansevərlərin diqqətini çəkib. Xüsusilə Adanadan olan idman ictimaiyyəti və azarkeşlər Aysun Əliyevaya feyr-pley mükafatı təqdim olunmasını təklif ediblər.

Türkiyə mətbuatı azərbaycanlı futbolçunun özündən də bu məsələ ilə bağlı fikir öyrənib. 19 yaşlı Aysun rəqib oyunçunu o halda görüncə daha öncə bənzər zədə yaşamış biri kimi özünü onun yerinə qoyduğunu söyləyib: “Öncə onun qoluna girib aparmaq istədim. Amma bunun çox çəkəcəyini görüb, kürəyimə aldım və komanda yoldaşlarının yanında buraxdım. İçimdən gəldi. Çünkü qızın durumu pis idi və yeriyə bilmirdi. Daha öncə mən də zədələnmişəm. Onun nələr yaşadığını anladım və özümü onun yerinə qoydum. O üzdən də kömək etmək istədim”.

Bu davranışına görə xoş sözlər eşitdiyini bildirən Aysun ona feyr-pley mükafatı verilməsinə dair təkliflərə də münasibət bildirib: “Buna görə utanıram. Çünki mənə elə gəlir ki, hər kəs kameralar qarşısında belə hərəkət etdiyimi düşünəcək. İçimdən gəldiyi üçün elə davrandım. Məncə, çox böyüdüləcək bir şey deyil. Hər kəsin etməli olduğu normal bir iş gördüyümə inanıram”.

Həmin kateqoriyadan