Hüseynov ilk görüşünü gürcü boksçuya qarşı keçirəcək

Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatına start verilib. Allsport.az xəbər verir ki, yarışda 41 ölkənin 241 boksçusu mübarizə aparır.

Qitə çempionatında hər çəkidə ilk 6 yeri tutan dəri əlcək ustaları oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar. 8 boksçumuz Bakıda təşkil olunan Avropa Oyunlarında dünya çempionatına lisenziya əldə etdiklərindən, Bolqarıstanda yalnız bir idmançımız rinqə çıxacaq. Məşqçilər korpusu 49 kq çəki dərəcəsində yeniyetmələrin Olimpiya oyunlarının qalibi Rüfət Hüseynovu sınamağı qərara alıb. +91 çəki dərəcəsində çıxış edən Məhəmmədrəsul Məcidov zədəli olduğundan Avropa çempionatına yollanmayıb.

Avropa çempionatında 49 kq çəki dərəcəsində 14 boksçu gücünü sınayır. Həmyerlimiz ilk görüşünü avqustun 9-da Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirəcək. Boksçumuz bu qarşılaşmadan qalib ayrılsa 1/4 finalda Yulian İvanov (Moldova) – İştvan Unqvari (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.

Həmin kateqoriyadan